Qarabağda rus desantlarla təkbətək döyüşən azərbaycanlı

28 Oktyabr, 2017 11:39 | Siyasət | Baxış sayı: 2742
Rusiya desantı
Rusiya desantı

500 meyitin qan içində uzandığı qırğın meydanının tək qəhrəmanı

Rusiyanın tanınmış telejurnalisti, Qarabağ döyüşlərinin canlı şahidi olmuş publisist Aleksandr Nevzorovun Qarabağ döyüşlərindən tanıdığı bir azərbaycanlı haqınnda dedikləri yenidən gündəmə gəlib.

İstiPress-in məlumatına görə,  Nevzorov həyatında gördüyü ən qəhrəman döyüşçünün azərbaycanlı olduğunu bildirir.

Moskvada öz oxucuları ilə görüşən Aleksandr Nevzorov birdən-birə 1993-cü ildə çəkdiyi “Goranboy batalyonu” sənədli filminin qəhrəmanını - azərbaycanlı Vəzir Orucovu  xatırlayıb.

“Həyatımda gördüyüm ən igid insan azərbaycanlı olub. Onun adı Vəzir idi. O, kirli, sərt siyənək iyi verən bir buşlat geyinmişdi.  Heç nə ilə seçilmir, saçları ağarmış, sadə insan idi”,- deyə o vurğulayıb.

Sonra o, Sərsəng su anbarının ətrafında baş vermiş döyüşlərdə özünün də yer aldığı Goranboy batalyonun geri çəkilməsindən danışır:

“Mən qəflətən “UAZ”a oturub işə salan bir nəfəri gördüm. Bu “UAZ” hamının geri çəkildiyi istiqamətə tərəf istiqamətlənmişdi -  cəhənnəmin, artıq 500 meyitin qan içində uzandığı qırğın meydanının içinə. Orda hər şey partlayırdı, dağılırdı, orda ermənilər hücum edirdilər. Mən bu bəstəboy insanın ora getmək istədiyin gördüm. Ona dedim ki, sən ağlını itirmisən? Qaytdı ki, orada yaralılar var. Əlbəttə, bir yerdə getdik. Orda səhnə tamamilə fərqli idi. Sən demə, orda hücum edənlərin heç biri erməni deyilmiş. Orda sən demə, Ermənistanın tərəfindən döyüşən Pskov desantları imiş. Dərədən buna görə azərbaycanlıları çıxara bilibmişlər. “UAZ”ı vurdular və bizi çıxardılar. Bizi güllələmək istədilər, amma Pskov desantları məni tanıdılar. Mənə dedidər ki, gəl keç bizim tərəfimizə. Mən də dedim ki, heç bir problem yoxdur.   Sonra soruşdular: “Bəs, bu “azer”i nə edəcəyik?” Mən də dedim ki, qoy getsin. Mənlə razılaşdılar və  şəbəkə ilə xəbər yaydılar ki, indi  “azer” qaçacaq, ona güllə atmayın. Bu insan - Vəzir, “UAZ” yaxınlaşıb uzun müddət əlləşdi və öz avtomatını çıxardı, geri dönüb mənimlə görüşdü. O qaçmadı, sadəcə getdi. O elə getdi ki, hətta Şeksprin bütün qəhrəmanları belə, bu cür gedə bilməzdi.  O, kürəyini dik tutaraq getdi və göstərdi ki, baxın o, sizin üçün hədəfdir, amma mən qaçmayacam. Hətta atəş səslərini eşidəndə  belə duruşunu pozmadı və addımlamaqda davam etdi”, - deyə Aleksandr Nevzorov xatırlayıb.  

Aleksandr Nevzorov Vəzir Orucov barədə danışır

Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucov 1992-ci ilin avuqst ayında gedən Sərsəng döyüşlərindən az sonra, sentyabrın 1-də gedən Çıldıran döyüşlərində düşmən tankını partlatmaq istəyərkən minaya düşüb yaralandı. Yaraları sağalarkən o, dekabr ayında Rusiyanın Argangelsk şəhərində yaşayan ailəsi, 5 yaşlı oğlu Camalla görüşə gedir.

Amma tezliklə geri qaydır və doğulduğu Tərtər rayonun ətrafının düşmən işğalından qurtulması üçün yenidən döyüşlərə qoşulur. Erməni işğalçıları ilə döyüş onun məxsus olduğu nəsil ağacının bir növ alnına yazılmışdı, atası Surxay Orucov Ermənistan SSR-ə verilmiş tarixi torpaqlarımızdan, konkret olaraq Dərələyəz mahalından  1949-cu ildə zorla çıxarılmış 150 min azərbaycanlıdan biri idi.

O, Şəhadət  Zirvəsinə 1993-cü il martın 22-də, Ağdərə ətrafındakı Qlobus yüksəkliyi uğrunda gedən döyüşlərdə yüksəldi. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. 

Azərbaycan xalqı, xüsusilə Qarabağ camaatı Vəzir Orucuovun qəhrəmanlığını unutmur. Qarabağda yaşayan el şairi, şeirləri aşıqlar tərəfindən tez-tez ifa edilən Sərraf Şiruyə onun şərəfinə “Vətən sənə oğlu dedi” poemasını yazıb. Onun döyüş yolu hər bir Azərbaycan gənci üçün örnək olaraq qalacaq! 

Çingiz Rüstəmov / İstiPress