Bakı və İrəvandan güzəşt istədilər - həmdəsrlər bəyanat yaydı

28 Sentyabr, 2018 09:47 | Siyasət | Baxış sayı: 141
ABŞ görüşü
ABŞ görüşü

XİN başçıları gərginləşmənin təhlükələri barədə xəbərdarlıq ediblər

ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov - Rusiya, Stefan Viskonti - Fransa və Endryu Şefer - ABŞ) 25-27 sentyabr tarixlərində BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanla görüşlərin yekunlarına dair bəyanat yayıblar.

Bəyanatda qeyd olunur ki, nazirlər görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqları davam etdiriblər. "Həmsədrlər və XİN rəhbərləri bölgədəki vəziyyəti müzakirə ediblər. Bu yaxınlarda narahatlıq doğuran bəzi bəyanat və insidentlərə aydınlıq gətirilib".

Həmsədrlər davam etməkdə olan insan itkisi faktları ilə bağlı dərin təəssüf hisslərini ifadə ediblər.

Onlar nazirlərə gərginləşmənin təhlükələri barədə xəbərdarlıq edərək, tərəfləri konstruktiv müsbət ab-hava yaratmaq və vəziyyəti gərginləşdirən bəyanatlardan yayınmağa çağırıblar. ATƏT-in Minsk qrupunun həmsədrləri bununla yanaşı qeyd ediblər ki, hərtərəfli nizamlanma üçün güzəştlər tələb olunur.

XİN rəhbərləri ilin sonunadək yenidən görüşmək barədə razılıq əldə ediblər. "Vasitəçilər yaxın gələcəkdə bölgəyə səfər etməyi, ardınca isə müvafiq qurumları danışıqların gedişatı barədə məlumatlandırmağı planlaşdırırlar".