Azərbaycanda kişilərin hərbi qeydiyyat yaşı azaldılır

28 Sentyabr, 2018 14:23 | Siyasət | Baxış sayı: 564
Andiçmə
Andiçmə

Dəyişiklik şəxsiyyət vəsiqələrinin 15 yaşdan verilməsi nəzərə alınaraq təklif edilib

Azərbaycanda kişi cinsli vətəndaşlar 16 yaşında deyil, 15 yaşında ilkin hərbi qeydiyyata alınacaq. Bununla bağlı dəyişiklik “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna nəzərdə tutulub. 

Bu, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Qanunun 6-cı (Vətəndaşların ilkin hərbi qeydiyyata alınması) maddəsinin birinci cümləsinə əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalıdırlar. Dəyişikliklə yaş həddi 16-dan 15-ə endirilib.

Layihədə bildirilib ki, cari ilin 1 sentyabr tarixindən tətbiqinə başlanılmış yeni nəsil şəxsiyyət vəsiqələrinin 15 yaşdan verilməsi nəzərə alınaraq təcrübədə baş verə biləcək uyğunsuzluqların qarşısının alınması məqsədi ilə ilkin hərbi qeydiyyatın da 15 yaşdan aparılması təklif edilir.