Sevənləri Çingiz Mustafayevi məzarı başında yad etdilər - FOTOLAR

28 Avqust, 2019 17:39 | Siyasət | Baxış sayı: 402

Mİlli Qəhrəmanın anadan olmasından 59 il keçir

Avqustun 29-da Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür.

İstiPress-in məlumatına görə, bu münasibətlə bu gün sevənləri Milli Qəhrəmanın Şəhidlər Xiyabanındakı məzarı başına toplaşaraq onu anıblar. Telejurnalistin anım günü ilə əlaqədar olaraq ailə üzvləri, dostları, həmkarları, ANS-çilər Milli Qəhrəmanın məzarını ziyarət ediblər. Onun məzarına güllər düzülüb, ruhuna dualar oxunub.  

Onun vətənpərvərliyi, göstərdiyi qəhrəmanlıqlar xatırlanıb. Ailə üzvləri adından Milli Qəhrəmanın qardaşı ANS Şirkətlər Qrupunun vitse-prezidenti Seyfulla Mustafayev ziyarətçilərə təşəkkür edib. 

Qeyd olunub ki, Milli Qəhrəmanın anadan olmasının 59 illiyi sabah Şəkidə Çingiz Mustafayev adına kinoteatrın açılışı ilə geniş qeyd olunacaq. İstiPress tədbiri geniş materiallarla işıqlandıracaq. 

Milli Qəhrəmannın məzarını ziyarət edən Milli Fədai Hərakatının rəhbəri Fuad Muradov bildirib ki, Azərbaycanın tarixini Çingiz Mustafayev kimi oğullar yazıb: "Bu dövlətin tarix salnaməsini bizim Çingiz kimi igidlərimiz yazıb, döyüşən döyüşçülərimiz, bu gün torpaq üstə gəzən diri şəhidlərimiz yazıblar, hansı ki, Qarabağ qaziləridir. Onlar bizim qürur mənbəyimiz, mənəviyyat mənbəyimzdir. Onlar bizə ötürülən tarixdir. Biz neçə illərdir onlardan tarixi dərs alırıq".    

Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimir rayonunun Kapustin-Yar qəsəbəsində Fuad Mustafayevin və Naxış Mustafayevanın ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçüb. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirib.

Çingiz Mustafayev, 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubu yaradıb. O, Azərbaycanda ilk DJ kimi tanınır.1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olur, 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirir. Çingiz Mustafayev jurnalist fəaliyyətinə 1990-cı il 20 Yanvar hadisələri zamanı başlayır. 1991-ci ilin noyabr ayından jurnalist və Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərib.

Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb. Onun Azərbaycanda baş verən qətliamları. mühaibənin ağır üzünü, Azrbaycanın haqq səsini dünyaya çatdırmaqda müstəsna xidmətləri olub. Çingiz Mustafayevin Xocalı soyqırımı haqda çəkdiyi filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qalıb. 

Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllif yaradıcılığı idi.

Çingiz Mustafayev 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən dünyasını dəyişib.