Şimal rayonunun böyü türk arzusu gerçəkləşdi

28 İyun, 2018 18:52 | Siyasət | Baxış sayı: 400

Bu gün Xaçmazın Pirquluoba kəndi ərazisində beynəlxalq əhəmiyyətli aktual bir arxeoloji tədqiqat işinə start verilib. Yerli sakinlər bu ərazidə 1918-ci ilin may ayında 1500-ə yaxın türk hərbçisinin ermənilər tərəfindən öldürülüb basdırıldığını bildirirlər.

İstiPress-in şimal bürosu olaraq düz bir il bundan qabaq - 2017 -ci ilin iyun ayında bu barədə geniş yazı vermişdik. Qoçaqlı kənd sakini İmaməddin Tahirovun müraciəti əsasında Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları Dilşad Bayramova və Qəhrəman Ağayev bu əraziyə baxış keçirmişdilər.

Arxeoloq alim Qəhrəman Ağayev o zaman saytımıza məlumat vermişdi ki, bu ərazidə  arxeoloji qazıntı işləri aparılmalıdır. Ötən  bir il ərzində Xaçmazın Pirquluoba və Qoçaqlı kəndinin sakinləri Milli EA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna və Xaçmaz icra hakimiyyətinə rəsmi müraciət edərək bu massivdə arxeoloji araşdırma aparılmasında köməklik göstərilməsini xahiş etmişdilər. Məsələ olduqca aktual  olduğundan öz növbəsində Xaçmaz icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev də Arxeologiya İnstitutuna rəsmi məktubla müraciət edərək Xaçmaza arxeoloji qrup göndərilməsini, bu massivdəki qəbirlərin tədqiq olunmasını təklif etmişdi.

 

Məsələ  ictimailəşəndən sonra hətta Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da bu il fevral ayının 23-də Xaçmazın Pirquluoba kəndinə gələrək yerli əhali ilə görüşmüş, türk hərbçilərin basdırıldığı ehtimal edilən məzarlığa baş çəkmişdi. Səfirə məlumat verilmişdi ki, bu ərazi heç vaxt əkilməyib, yerli əhalinin inancına və məlumatına görə sahəyə giriş uzun illərdir qadağan olunub. Erkan Özoral da bu massivin arxeoloqlar tərəfindən geniş öyrənilməsinin vacibliyini xüsusi olaraq qeyd eləmişdi.

Bir illik yazışmaların nəticəsi olaraq bu gün 50 ildən artıqdır texnika girməyən"Şəhidlik" sahəsinin sükutu pozulub, əraziyə texnika gətirilərək 5 sot sahənin elmi cəhətdən öyrənilməsinə başlanılıb. Qoçaqlı kənd sakini, bu məsələnin ilk təşəbbüskarı İmaməddin Tahirov 4 hektar 82 sot sahəsi olan "Şəhidlik"ərazisinin qorunub saxlanılmasında mərhum atası Tahir Tahirovun danılmaz əməyi olduğunu deyib. Onun sözlərinə görə, 1970-1974-cü illərdə Mizə Davud Hüseynov sovxozunun direktoru olan atası Tahir kişi sahənin satılmasına qəti razı olmayıb və qorunmasını xüsusi diqqətdə saxlayıb. Sovetin qaragüruh vaxtında 5 hektara yaxın sahənin əkilməməsi, satılmaması zarafat deyildi, əksinə, bu jest böyük cəsarət tələb edirdi. Tahir Tahirov dünyaslnı dəyişəndən şonra da yerli əhali bu qadağaya xüsusi hörmətlə yanaşıb və sahə yenə də qorunub.

İllər keçəndən sonra bu məzarlığın elmi araşdırılması təklifi də Tahir Tahirovun oğlu İmaməddin Tahirov tərəfindən irəli sürülüb və göründüyü kimi, bu gün bu siyasi faktın araşdırılmasına start verilib.

Xaçmaza ezam olunan Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi mütəxəssisi, arxeoloq alim Qəhrəman Ağayev İstiPress-ə bu gün ərazinin qazıntı üçün hazırlanacağını dedi. Onun sözlərinə görə, burada hələlik 5 sot sahədə iki qəbir tədqiq olunacaq. Bu gün sahənin texnika və işçi qüvvəsilə kol-kosdan təmizlənməsi nəzərdə tutulub. Sabah isə iki qəbir açılaraq araşdırmalara başlanılacaq.

Qoçaqlı kənd sakini İmaməddin Tahirov uzun illərdən sonra atasının arzuladığı bir işin öyrənilməsinə başlanıldığından çox məmnun olduğunu söyləyib. Pirquluoba bələdiyyəsinin sədri Fətulla Nurəhmədov isə İstiPress-ə məlumat verib ki, camaatımız illərdir bu günü gözləyirdi ki, qəbirlər açılsın, öyrənilsin. Bələdiyyə sədri arxeoloqun işləməsi üçün hər cür köməklik etməyə hazır olduğunu deyub. Artıq əraziyə texnikanın və işçi qüvvəsinin gətirilməsi təmin olunub.

Arxeoloq alim Qəhrəman Ağayev bu massivdə erməni vəhşiliyi nəticəsində türk hərbçilərinin burada basdırılması elmi dəlillərlə sübut olunduğu təqdirdə, bu sahənin çox siyasi, aktual əhəmiyyət daşıyacağını, Türkiyə və Azərbaycan dostluğunun qədim və əyani qardaşlığına gözəl nümunə olacağını söyləyib.

Qeyd edək ki, İstiPress olaraq bu mövzu ilə bağlı bütün məlumatları ilk olaraq oxuculara çatdırmağa çalışaraq mövzunu diqqətdə saxlayacağıq. Xaçmazın Pirquluoba kəndi ərazisində 1918-ci ildə ermənilər tərəfindən öldürülən türk hərbçilərinin basdırıldığı barədə məlumatı ilk və hələlik eksqluziv olaraq "Xaçmazda 100 illik tarix ortaya çıxdı" sərlövhəli yazı ilə 28 iyun 2017-ci ildə İstiPtess saytı verib.

Aytəkin Alxaslı