Paşinyan son zərbəyə hazırlaşır

28 İyun, 2018 20:58 | Siyasət | Baxış sayı: 796
Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistan baş naziri Moskvadan aldığı təlimata uyğun hərəkət edir

Belə görünür ki, Ermənistan baş naziri Nikol Paşinyan əsas rəqibi Serj Sarkisyanı növbədənkənar parlament seçkilərinə qədər həbs etdirmək niyyətindədir.

İstiPress-in məlumatına görə, bu gün onun keçmiş mühafizə rəisi, ehtiyatda olan general-mayor Vaçaqan Kazaryan tutulub.

Erməni KİV-ləri Kazaryanın həbsini geniş işıqlandırırlar. Məsələn, “Sputnik Armeniya” portalı yazır ki, o, “Unibank”dakı hesabından 50 min dollar çıxaran zaman tutulub.  Bundan əvvəl isə o,  hesabından 120 min dollar və 436 milyon dram çıxarıbmış. Ermənistan milli təhlükəsizlik xidməti Kazaryanı həmin pulları bir dövlət məmuru kimi bəyan etmədiyinə görə tutub. Daha öncə ona məxsus evdən 2,4 milyon dollar götürülmüşdü və Kazaryan həmin pulların İrəvanda elit restoran işlədən arvadı Ruzanna Bəyləryana məxsus olduğunu bildirmişdi.

Son faktlar artıq Kazaryanın arvadının tumanı altında gizlənə bilməyəcəyini göstərir. Böyük ehtimalla, Kazaryanı keçmiş şefi Serj Sarkisyanın üzünə qoyacaqlar və nəticədə Sarkisyan da içəri girəcək. Beləliklə, növbədən kənar parlament seçkilərinə qədər Nikol Paşiyan öz partiyasının əsas rəqibi - njdeçi Respublika Partiyasını da darmadağın edəcək.

Bu amil Paşiyanın Moskvadan aldığı təlimata uyğun hərəkət etdiyini düşünməyə vadar edir. Moskva son illər Serj Sarkisyanın neo-faşist addımlarından narazı idi. Hər halda, faşist arimenatron nəzəriyyəsinin banisi Qaregin Njde Rusiyanın böyük düşməni sayılır. Amma buna rəğmən Serj Sarkisyan və tərəfdarları onu fetişləşdirirdilər.  Ermənistanın böyük  məğlubiyyət və məyusluq yaşadığı aprel döyüşlərindən sonra Serj Sarkisyanın yardım üçün Almaniyaya getməsi də Moskvanı özündən çıxarmışdı. Serj Sarkisyan Moskvanın xəbərdarlığına baxmadan Avropa Birliyi ilə “Şərq tərəfdaşlığı” müqaviləsi imzalamışdı.

Bütün bunlar Moskvanın Serj Sarkisyanı vurmaq üçün kart-blanş verdiyini düşünməyə imkan yaradır. Təsadüfi deyil ki, Serj Sarkisyanı və təradarlarını da məhz Qərbdən müdafiə edirlər. Təsadüfi deyil ki, ABŞ-ın keçmiş Gürcüstandakı keçmiş səfiri Kennet Yalovits Paşiyana oliqarxları təqib etmək əvəzinə struktur islahatlar aparmağı məsləhət görür.