Azərbaycan XİN: “Ermənistan özünün hərbi potensialının əhəmiyyətli hissəsini nəzarət rejimindən gizlədir”

28 İyun, 2018 17:54 | Siyasət | Baxış sayı: 232
XİN
XİN

"Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində külli miqdarda hərbi texnika və şəxsi heyət cəmləşdirməklə özünün hərbi potensialının əhəmiyyətli hissəsini nəzarət rejimindən gizlədir".

İstiPress-in məlumatına görə, bunu Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan ordusunun keçirməyi planlaşdırdığı hərbi təlimlərə Ermənistan XİN-in verdiyi şərhə münasibət bildirərkən deyib.

"Ermənistan BMT Nizamnaməsini və Helsinki Yekun Aktını kobud şəkildə pozaraq Azərbaycana qarşı gücdən istifadə etməklə Azərbaycanın suveren ərazilərini işğal edib. Ermənistan işğal olunmuş əraziləri işğalda saxlamaqla və burada qanunsuz hərbi fəaliyyəti davan etdirməklə ATƏT-in Vyana sənədi üzrə etimad və təhlükəsizlik tədbirləri rejiminin əsasını təşkil edən suverenlik, ərazi bütövlüyünə hörmət, silahlı qüvvələrin ölkə ərazisində yalnız qəbul edən dövlətin razılığı ilə yerləşdirilməsi kimi əsas prinsiplərini pozur. Həmçinin Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində külli miqdarda hərbi texnika və şəxsi heyət cəmləşdirməklə özünün hərbi potensialının əhəmiyyətli hissəsini nəzarət rejimindən gizlədir. Nəticədə Vyana sənədi üzrə qarşılıqlıq prinsipinə zidd olaraq Ermənistan öz hərbi potensialı və fəaliyyəti barəsində qeyri-düzgün məlumat verməkdə davam edir və öhdəliklərini kobud şəkildə pozur. Ermənistanın bu cür davranışı məsuliyyətsizlik, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlikdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğalda saxlamaqda davam etməsi və bu əsnada Ermənistan tərəfindən Azərbaycana qarşı gücdən istifadə edilməsinin davam etdirilməsi regional sülh və təhlükəsizlik üçün ən başlıca təhdid olaraq qalmaqda davam edir", - o vurğulayıb.