Prezidentin ASAN-a təyin etdiyi yeni sədr kimdir?

28 Aprel, 2018 09:05 | Siyasət | Baxış sayı: 1527
Ülvi Ramiz oğlu Mehdiyev
Ülvi Ramiz oğlu Mehdiyev

Ülvi Ramiz oğlu Mehdiyev ən gənc məmurlardandır

ASAN xidmətə yeni rəhbər təyin edildi. Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçının sərəncamı ilə Ülvi Ramiz oğlu Mehdiyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri təyin edilib.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb prezidentinə təqdim etmək tapşırılıb.

Xatırladaq ki, adıçəkilən quruma bundan öncə İnam Kərimov rəhbərlik edib. Lakin ötən həftə o kənd təsərrüfatı naziri  vəzifəsinə təyinat alıb. 

Ülvi Ramiz oğlu Mehdiyev kimdir? 

Ülvi Mehdiyev 1985-ci il yanvarın 30-da Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistratura pilləsini bitirib. 2005-2006-cı illərdə hərbi xidmət keçib.

Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin məsləhətçisi, aparıcı məsləhətçisi vəzifələrində çalışıb. Ü.Mehdiyev 2009-2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsində işləyib. 2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.