Quba-Qusar batalyonunun şəhidləri anılıb

27 Dekabr, 2018 16:33 | Siyasət | Baxış sayı: 169
Quba-Qusar batalyonunun şəhidləri anılıb
Quba-Qusar batalyonunun şəhidləri anılıb

40-a yaxın şəhid verib, 7 nəfər itkin düşüb, 90 nəfər yaralanıb

Dekabrın 27-də Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş Quba-Qusar batalyonunun əsgərlərinin xatirəsi yad edilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Qarabağ müharibəsinin veteranları, əlilləri və şəhid ailələrinin üzvləri, eləcə də rayon rəsmiləri Qubadakı Şəhidlər xiyabanına gələrək torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən oğullarının məzarlarını ziyarət ediblər. Veteranlar həlak olan silahdaşlarının məzarları önünə gül dəstələri düzüblər.

Rayon mədəniyyət evində davam etdirilən toplantıda bildirilib ki, Quba-Qusar batalyonu ulu öndər Heydər Əliyevin 1993-cü il noyabrın 7-də xalqa müraciətindən sonra yaradılıb. Quba-Qusar batalyonunun tərkibinə qısa müddətdə 500-ə yaxın Vətən oğlu daxil olub. Ermənistanın hərbi qüvvələrinə qarşı amansız döyüşlərə atılan batalyonun üzvləri cəbhə bölgəsində qəhrəmanlıqları ilə ad çıxarıblar.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Allahverdi Xudaverdiyev, Quba-Qusar batalyonunun təşkilatçısı, rayonun keçmiş prokuroru Əli Eyvazov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Quba rayon bölməsinin sədri İsmayıl Babayev və başqaları batalyonun keçdiyi döyüş yolundan söz açıblar.

Diqqətə çatdırılıb ki, 1993-cü il dekabrın 27-də şiddətli döyüşdə batalyonun 7 qəhrəman əsgəri şəhid olub. Ümumilikdə Qarabağ müharibəsində Quba-Qusar batalyonu 40-a yaxın şəhid verib, 7 nəfər itkin düşüb, 90 nəfər yaralanıb.

Tədbirdə çıxış edən veteran döyüşçülər Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə hər an silaha sarılaraq işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduqlarını bildiriblər.