Erməni əsgərləri döyüşə girməkdən boyun qaçırır və mövqelərini tərk edirlər - VİDEO

27 Oktyabr, 2020 10:17 | Siyasət | Baxış sayı: 44

Dağlıq Qarabağdakı Ermənistan ordusunda kəskin silah və ərzaq çatışmazlığı müşahidə olunur. Bununla yanaşı, əsgərlər komandanlığın əmrlərinə tabe olmaqdan və Azərbaycan Ordusu ilə döyüşə girməkdən imtina edirlər.

İstiPress-in məlumatına görə, bu gün sosial şəbəkələrdə erməni ordusunun sıralarında baş verən xaosdan xəbər verən növbəti video yayılıb. Videoda bir qrup əsgər nümayişkaranə şəkildə əmri yerinə yetirməkdən və hücuma keçməkdən imtina edir.

"Biz on gün burada palçıqda qaldıq. Siz bizə nə mərmi verdiniz, nə də çəkmə. İndi bizə deyirsiniz ki, irəli gedək. Biz qayıdırıq", - deyə erməni hərbçilərindən biri hiddətlənir.

Bu zaman başqa bir erməni zabiti qışqıraraq tələb edir ki, əsgərlər əmrlərə tabe olsunlar və ön cəbhəyə getsinlər.

"Necə yəni, “roqatka” ilə tankın üstünə getməliyik?” – deyə ikinci hərbçi də narazılığını bildirir və bir qrup əsgərlə ərazini tərk edir...