Ermənilər cəbhədən qaçır - İrəvan təlaşda

27 Oktyabr, 2017 11:14 | Siyasət | Baxış sayı: 2145
Ermənistan ordusu işğal edilmiş Azərbaycan ərazisində
Ermənistan ordusu işğal edilmiş Azərbaycan ərazisində

Deputatlar bir-birini günahlandırmağa başlayıblar

Erməni deputat Sergey Baqratyan parlamentdə etdiyi çıxışında Ermənistanda real əhali sayı ilə rəsmi əhali sayı arasında fərqin səbəbini açıb.

İstiPress-in «Armenianreport»a istinadən verdiyi məlumata görə, “Sarkuyan” blokunun üzvü olan deputat bildirib ki, adətən valideynlər vətəndaşlıqdan imtina edirlər, amma onların uşaqları əvvəlki kimi Ermənistan vətəndaşı hesab olunurlar.

Sergey Baqratyanın dediyinə görə, ölkəni tərk edənlərin çoxu isə bu barədə ərizə versələr də, vətəndaşlıqdan çıxarılmırlar:

“Onlar da, onların uşaqları da Ermənistan vətəndaşı sayılmaqda davam edirlər. Ermənistana gələndə belə adamlar bir sıra məsələlərlə, o cümlədən hərbi xidmətlə bağlı problemlərlə üzləşirlər”,- deyə deputat vurğulayıb.

Beləliklə, "countrymeters.info" kimi BMT-yə məxsus resurslardakı göstəricilərin reallığı əks etdirmədiyi ortaya çıxır. Həmin resursun məlumatına görə, hazırda Ermənistanda təxminən 3 milyon adam yaşayır. Amma müstəqil erməni mənbələri isə respublikada real olaraq 1,4 - 1,9 milyon adam yaşadığını bildirirlər. Yəni 1992-ci illə müqayisədə ölkə əhalisinin sayı 2 dəfədən çox azalıb.

Ermənistanda əhali sayının dəyişməsi (1951-2015-ci illər)
Ermənistanda əhali sayının dəyişməsi (1951-2015-ci illər)

Aydın olur ki, Ermənistan hakimiyyəti bu məsələdə vətəndaşların məlumatsızlığından istifadə edirlər. Beynəlxalq praktikaya görə, sakinin ölkə vətəndaşlığından çıxması üçün yalnız ərizə yazmaq yetərli deyil.

Hüquqşünas Ələsgər Əhmədoğlu İstiPress-ə müsahibəsində bildirib ki, o, həm də başqa ölkə vətəndaşlığını qazanması barədə sənədi də təqdim etməlidir:

“Ölkəni tərk edən vətəndaş ən azından xarici ölkə vətəndaşlığına ilkin hüquq qazanması barədə sənəd təqdim etməlidir ki, o, ölkə vətəndaşlığından çıxarılsın. Beynəlxalq hüquq bunu tələb edir. Əks halda, o, əvvəlki ölkənin vətəndaşı sayılır”. 

Ələsgər Əhmədoğlunun sözlərinə görə, bəzən müvafiq  məlumat başqa ölkənin hüquq-mühafizə orqanları tərəfindən verilə bilər: “Yəni vətəndaşlığı vermiş ölkənin hüquq-mühafizə orqanları digər ölkəninmüvafiq qurumlarına məlumat verir ki, bəs, sizin bu şəxsə verdiyiniz pasportu ləğv edin. Onda ilkin ölkə vətəndaşa qarşı cinayət işi qaldıra bilər”.

Rusiya rəsmi dairələrinin məlumatına görə, bu ölkədə 3 milyona yaxın erməni yaşayır, erməni diaspor təşkilatlarının məlumatına görə isə Rusiyada təxminən 2,5 milyon erməni məskunlaşıb. Həmin ermənlərdən 600 mini əmək miqrantı kimi qeydiyyatdan keçir, ən azı 1,9 milyon erməninin Rusiya vətəndaşı olduğu ortaya çıxır. 1989-cu ildə Rusiyada 530 min erməni yaşayıb, beləliklə, müstəqillik illərində 1 milyondan çox erməninin Rusiya vətəndaşlığına keçdiyi aydın olur.

Ermənistanın məktəb buraxılışları üzrə göstəricilərini tutuşdurduqda isə, hər il 5-10 min yeniyetmənin əsgər getməmək üçün ölkəni tərk etdiyi aydın olur. Məsələn, "Sputnik Armeniya" portalının yazdığına görə, 2017-ci ildə tam orta məktəbi (12-ci sinfi) bitirənlərin sayı 20 min nəfər olub, halbuki, natamam orta məktəbi (9-cu sinfi) bitirənlərin sayı 30 minə çatıb. Göründüyü kimi, valideynlər uşaqlarını əsgərlik yaşına yaxınlaşan zaman, yəni 14-15 yaşlarında ölkədən çıxarırlar.

Nəticədə, Ermənistanın rəsmi qurumları hər il maksimum 10 minə yaxın yeniyetməni  əsgərliyə aparmağa nail olurlar. Ermənistanda rəsmi bəyan edilmiş 60 minlik ordunun əsgərlə təmini üçün hər il ən azı 25 min yeniyetmə lazımdır. Buna görə, Ermənistanın yalnız Qarabağdakı 20 minlik qoşununu əsgərlə təmin etdyi ortaya çıxır. Ermənistandakı hərbi hissələrdə yəqin ki, sıravi heyət çatışmır. Rusiya ilə 1937-ci ilə qədərki SSRİ-yə xas olan birləşmiş ordunun yaradılması da məhz bununla bağlı ola bilər.

"Sputnik Armeniya"nın yazdığına görə, Ermənistan parlamentində tələbələrə və digər imtiyazlı şəxslərə möhlət hüququnun aradan qaldırılması ilə bağlı bu günlərdə gedən müzakirələr də bununla bağlıdır. Müzakirələr zamanı deputatlar bir-birlərini Ermənistan ordusunda xidmət etməməkdə və s.-də günahlandırırlar.

Əslində isə, onlar Ermənistanın və ordusunun bu günə düşməsinin əsas səbəbini - Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi faktını unudurlar. Sirr deyil ki, erməni yeniyetmələr müharibədən qorxaraq ölkədən qaçırlar. Bu qorxunu aradan qaldırmaq üçün müharibəyə səbəb verən əsas amil - işğal faktı aradan qalxmalıdır və Ermənistan ordusu Azərbaycan torpaqlarını tərk etməlidir. Əks halda, qiyamətə qədər olsa belə, müharibə qorxusu Ermənistanı tərk edilmiş ölü zonaya çevirən əsas səbəb olacaq.

Çingiz Rüstəmov / İstiPress