XİN-dən Lion məhkməsinin separatçı qərarına reaksiya

27 Sentyabr, 2019 15:54 | Siyasət | Baxış sayı: 51
Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

"Qeyri-qanuni “saziş”lərin ləğv olunmasına dair qərarı alqışlayırıq"

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) Fransa Respublikasının Lion/Lyon/ İnzibati Məhkəməsinin bu ölkənin Desin-Şarpyö/Decines-Charpieu şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri və Sen-Etyen/Saint-Etienne/ şəhəri ilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri arasında müvafiq olaraq 25 sentyabr 2017-ci il və 21 oktyabr 2018-ci ildə imzalanan qeyri-qanuni “saziş”lərin ləğv olunmasına dair cari ilin 19 sentyabr tarixli qərarını alqışlayır. Bu barədə XİN məlumat yayıb. 

"Azərbaycan tərəfi hazırda qüvvədə qalan digər qeyri-qanuni “sənədlərin” də tezliklə Fransa Məhkəmələri tərəfindən ləğv ediləcəyinə ümid edir". 

Xatırladaq ki, sözügedən qeyri-qanuni “sənədlər” Azərbaycan və Fransanın milli qanunvericiliyi, xüsusilə də Fransa Konstitusiyasının 73-cü maddəsi, “Ərazi Vahidləri Ümumi Məcəlləsi”nin maddələri və 24 may 2018-ci il tarixində Daxili işlər və Avropa və xarici işlər nazirləri tərəfindən imzalanmış sirkulyar sənədin müddəalarına zidd olaraq imzalanıb.

Bu günədək Fransanın şəhərləri ilə Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim tərəfindən yaradılan “yerli hakimiyyət orqanları” arasında imzalanan 9 qanunsuz “müqavilə” Fransa Respublikasının müvafiq Məhkəmə qərarları ilə ləğv olunub.

Qeyd edək ki, Fransanın Lyon İnzibati Məhkəməsi Sənt-Etyen və Desin-Şarpyö şəhərləri ilə Azərbaycanın 27 ildən artıqdır işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış iki xartiyanı ləğv edib. Bu xartiyalardan biri 2018-ci il oktyabrın 21-də Fransanın Sənt-Etyen şəhəri ilə Şuşa, digəri isə 2017-ci ilin sentyabrın 25-də Fransanın Desin-Şarpyö şəhəri ilə separatçılar arasında imzalanıb.