Prezident xanımı ilə Fransa səfirliyinə getdi YENİLƏNİB, FOTO

27 Sentyabr, 2019 14:32 | Siyasət | Baxış sayı: 42
Prezident Fransa səfirliyində
Prezident Fransa səfirliyində

İlham Əliyev və Mehriban Əliyeva Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı verib

Fransa səfirliyinə gələn prezident bu ölkənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosla görüşüb. Dövlət başçısı qeyd edib ki, J.Şirak Azərbaycanın yaxın dostu olub.

"Biz onu mənim atamla şəxsi dostluğu başlayan dövrdən tanıyırıq və onların birgə səyləri nəticəsində ölkələrimiz arasında çox yaxın tərəfdaşlıq münasibətləri qurulmuşdur. Biz onunla görüşlərimizi xatırlayırıq. Bildiyiniz kimi, mən ilk dəfə Prezident seçiləndə, xaricə etdiyim ilk rəsmi səfər Fransaya olmuşdur. O vaxt Prezident Şirak məni rəsmi səfərə dəvət edən ilk xarici dövlət başçısı olmuşdur və bu, bizim əməkdaşlığın çox yaxşı göstəricisi idi. O vaxtdan bəri ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edir. Bu yaxınlarda sizinlə də görüşdə mən ölkənizin prezidentləri ilə görüşlərdən xatirələrimi bölüşdüm. Bir daha bizim başsağlığımızı qəbul etməyinizi xahiş edirəm".

Saat 13:33

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Fransa Respublikasının ölkəmizdəki səfirliyinə gələrək, Fransanın sabiq Prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıblar.

Xatırladaq ki, Jak Şirak ötən gün 87 yaşında vəfat edib. O 12 il Fransaya rəhbərlik edib.