Putin Bakıda, üç prezident cüdoya baxdı YENİLƏNİB, FOTOLAR

27 Sentyabr, 2018 15:08 | Siyasət | Baxış sayı: 342
Prezidentlər yarışda
Prezidentlər yarışda

Azərbaycan, Rusiya və Monqolustan prezidentləri cüdo üzrə dünya çempionatını izləyib

Bakıda cüdo üzrə dünya çempionatında mübarizəyə 1/8 final mərhələsindən başlayan Azərbaycan millisinin ilk rəqibi Avstriya komandası olub. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmalar Azərbaycan komandasının 5:1 hesablı üstünlüyü ilə başa çatdı. Dörddəbir finalda Yaponiya komandasına 2:4 hesabı ilə məğlub olan millimiz təsəlliverici görüşlərə qatılıb. Bu mərhələdə Niderland komandasına 4:2 hesabı ilə qalib gələn Azərbaycan millisi bürünc medallar uğrunda həlledici görüşə vəsiqə qazanıb.

Millinin heyətində 5 qadın və 6 kişi cüdoçu - Səkinə Zayirova, İçinxorlu Munxtsedev (hər ikisi-57 kq), Aidə Baxışova, Günel Həsənli (hər ikisi-70 kq), İrina Kindzerska (+70 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi-73 kq), Məmmədəli Mehdiyev, Tural Safquliyev (hər ikisi-90 kq), Şahin Qəhrəmanov və Uşangi Kokauri (hər ikisi +90 kq) yer alıb.

Dörddəbir finalda Almaniya millisi ilə qarşılaşan Rusiya komandası rəqibini məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Bu mərhələdə Fransa idmançılarına məğlub olan Rusiya cüdoçuları üçüncü yerlə kifayətləniblər.

Yarışlardan sonra Prezident İlham Əliyev Azərbaycan idmançıları ilə görüşüb.

Saat 12:10

Bakıda cüdo üzrə dünya çempionatı davam edir. Bu gün çempionatın sonuncu günüdür. Səkkizinci gündə qarışıq komanda yarışları keçirilir.

Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri, Rusiya prezidenti Vladimir Putin, Monqolustan prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Milli Gimnastika Arenasında keçirilən qarışıq komanda yarışlarına baxıblar. 

Saat 11:50

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin sentyabrın 27-də Azərbaycana işgüzar səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putini hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.