Çingiz Mustafayev 70 min veteran adından mükafatlandırıldı

27 Avqust, 2020 16:40 | Siyasət | Baxış sayı: 198
İlham Rüstəmov, Elçin Səmədov və Çingiz Mustafayev səngərdə
İlham Rüstəmov, Elçin Səmədov və Çingiz Mustafayev səngərdə

Azərbaycan Milli Qəhrəmanın 60 illiyinə hazırlaşır

Vətən uğrunda döyüşlərin 70 min iştrakçısını birləşdirən Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi (AVM VB) Milli Qəhrəman Çingiz Mustafayevi qurumun xatirə medalı ilə təltif edib.

Xatirə medalı bu gün keçirilən mərasimdə Çingiz Mustafayevin qardaşı, tanınmış telejurnalist, hərbi reportyor Seyfulla Mustafayevə təqdim edilib. AVM VB-inin rəhbəri Fizuli Rzaquliyev təqdimat mərasimində çıxış edərək bildirib ki, quruma bağlı 76 rayon təşkilatı Milli Qəhrəman Çingiz Mustafayevin bu günlərdə tamam olacaq 60 illiyinə laqeyd qalmamaq üçün yekdililklə bu qərara gəliblər.

Rasim Müzəffərli, Seyfulla Mustafayev, Fizuli Rzaquliyev və Vahid Əbdürrəhmanov təqdimat mərasimində
Rasim Müzəffərli, Seyfulla Mustafayev, Fizuli Rzaquliyev və Vahid Əbdürrəhmanov təqdimat mərasimində

“Nizamnaməyə görə, xatirə medalı veteranlara təqdim edilir. Biz şəhid oğullarımızı bu sıradan kənarda qoymaq istəmirik. Çünki biz inanırıq ki, şəhidlərimiz sağdır, daima bizimlədir”,- deyə Fizuli Rzaquliyev bildirib.

Rasim Müzəffərli və Fizuli Rzaquliyev
Rasim Müzəffərli və Fizuli Rzaquliyev

Tədbirdə Çingiz Mustafayevin gənclik dostu, Milli Qəhrəmanın 60 illik yubileyi tədbirlərinin təşkilat komitəsinin sədri Rasim Müzəffərli çıxış edərək veteranlara təşəkkür edib. “Əminəm ki, bu dəqiqələrdə dostum Çingizin, o cümlədən Azərbaycanın bütün şəhid oğullarının ruhu şad oldu”,- deyə Müzəffərli bildirib. 

İlham Rüstəmov və Elçin Səmədov
İlham Rüstəmov və Elçin Səmədov

Tədbirdə AVMVB-nin üzvləri, Çingiz Mustafayevlə birlikdə döyüş yolu keçmiş veteranlar İlham Rüstəmov və Elçin Səmədov da iştirak ediblər. Onlar Milli Qəhrəman haqqında xatirələrindən danışıblar. Milli Qəhrəman Tahir Həsənovun anası Qalibə Budaqova da Çingiz Mustafayevi yad edənlər arasında olub.

Qalibə Budaqova oğlu Milli Qəhrəman Tahir Həsənovun Milli Qəhrəman Çingiz Mustafayevlə bağlı döyüş xatirələrindən danışır
Qalibə Budaqova oğlu Milli Qəhrəman Tahir Həsənovun Milli Qəhrəman Çingiz Mustafayevlə bağlı döyüş xatirələrindən danışır

“Oğlum Tahir deyirdi ki, döyüş vaxtı Çingizlə bir səngərdə olardıq. O, çəkinmədən qalxaraq döyüş səhnələrini  çəkirmiş. Tahir ona deyirmiş ki, Çingiz bir qədər ehtiyatlı ol, özünü qoru. O isə deyirmiş ki, siz narahat olmayın, döyüşə davam edin”,- deyə Qalibə xanım xatirələrini bölüşüb.