Azərbaycan gənclərinə həmişə örnək qəhrəman

27 Avqust, 2020 15:35 | Siyasət | Baxış sayı: 220
Çingiz Mustafayev - Milli Qəhrəman
Çingiz Mustafayev - Milli Qəhrəman

Milli Qəhrəman Çingiz Mustafayevin yubileyi ərəfəsində

Avqustun 29-da Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin 60 illiyi tamam olur.

O, bu yaşın yarısından bir az çox yaşayıb. 32 il qabaq bu ucaboylu yaraşıqlı oğlan Ağdam yaxınlığında - Qarabağ döyüşlərində həlak oldu. Həyatının son dəqiqəsinə kimi onun əli avtomatın tətiyindən yox, kiçik bir kameranın düyməsindən yapışmışdı və bu kiçik kamera ermənilərin əleyhinə yönələn ən güclü silahlardan biri idi.     

Azərbaycanın qəfil yaxalandığı bu müharibəyə qədər mən Çingizi tanımırdım. Biz onunla Qarabağda tanış olduq. Rusiya prezidenti Boris Yeltsin Azərbaycana gələndə bir yerdə işlədik. Yeltsinin sülh missiyası heç bir nəticə vermədi. Bundan başqa, Rusiyanın o vaxtkı rəhbərliyi Ermənistanın işğal planlarını dəstəkləyirdi.

Ermənilər mülki vertolyotu vuranda da biz Çingizlə bir yerdə idik. Həmin vertolyotda Azərbaycanın rəhbərləri, həmçinin Rusiya və Qazaxıstandan olan sülh missiyası qrupunun üzvləri də vardı, Mən Çingizin öz döyüş mövqelərini tərk edən gənc əsgərləri necə  saxlamasının da şahidi oldum. “Siz dovşan deyilsiniz, siz kişisiniz”,- deyə o qışqırırdı. Bu təsir göstərdi və uşaqlar səngərlərə qaytıdılar.

Dinc vaxtlar o, sanatoriyalardan birində baş həkim işləmişdi. Ona çox hörmətlə yanaşır, hətta sevirdilər. Qarabağ qarışıqlıqları başlayanda o, işdən çıxdı, gənc xanımını və körpə oğlunu evdə qoyub cəbhəyə getdi. Atası Fuad kişi -  silahlı qüvvələrin veteranı onu belə tərbiyə etmişdi.  O, düşünürdü ki, hər bir kişinin əsas borcu Vətəni qorumaqdlır.

Böyük qardaşın ardınca kiçiklər də - Vahid və Seyfulla da cəbhəyə getdilər. Məhz onlar məşhur telekanal ANS-i yaratdılar. Dahi azərbaycanlı Heydər Əliyev dəfələrlə bu şirkətin jurnalistlərinin işini təqdir etmişdi.

Çingizlə biz Qarabağda çox tez-tez rastlaşırdıq. Qəribədir ki, bizim çəkiliş qurupunun köhnə “Volqa”sı vardı, Çingizin isə maşını yox idi, amma buna baxmayaraq o, həmişə hadisə yerinə bizdən ən azı yarım saat tez çatırdı. Ermənilərin Xocalını məhv etdiyini eşidəndə belə oldu. Biz operatorla o zamanlar bizim nəzarətimizdə olan Ağdama tərəf getməyə başladıq. Amma köhnə “Volqa” bizi yolda qoydu. Biz yol maşınları ilə rayona özümüzü çatdırdıq. Çingiz həmişə olduğu kimi artıq hadisə yerində idi. Biz birlikdə məmurların kabinetlərində olduq, Bakıya zəng etdik ki, kimsə bizə Xocalıya getmək üçün nəqliyyat versin. Bizə baş nazirin müavini Abbas Abbasov yarldım etdi. O, bizə Rusiya ordusunun hərbi vertolyotunu göndərdi. Ancaq biz Xocalıya gedib çata bilmədik. Çünki yuxarıdan baxanda aşağıda çökəkliyin içinə qadın, uşaq və yaşlıların meyitlərinin səpələndiyini gördük. Vertolyot havada dayandı və biz sürətlə aşağı endik. Gördüklərimizi yalnız cəhənnəmlə müqayisə etmək olardı. Bunlar Xocalının dinc sakinlərinin meyitləri idi, onlar şəhəri tərk etmək istəyirmişlər, amma yolda erməni faşistlərinə rast  gəlmişdilər. Ölüm qabağı onlara əzab vermişdilər. Qadın və yaşlıların əlləri bağlı idi, qadınların döşlərini kəsmişdilər. Çox sonralar Ermənistan prezidenti olmuş əsas Qarabağ canisi Serj Sarkisyan etiraf etdi ki, həmin cinayəti onlar törədiblər ki, azərbaycanlılar onlardan qorxsunlar.

Çingiz hönkürə-hönkürə bu dəhşətləri çəkirdi. Hirsindən qışqırırdı. 20 dəqiqədən sonra pilotlar bizə işarə verdilər ki, uçmaq vaxtıdır. Bir neçə körpə uşağın cəsədini götürərək biz Ağdama qayıtdıq. Çingiz Bakıda Xocalı faciəsi barədə filmi bitirənə qədər evdən kənara çıxmadı. Mustafayevin filminə ilk baxanlar Milli Məclisin deputatları oldular. Filmin ortalarında qadınların halı pisləşdi, onları zaldan çıxarmağa başladılar. Sonra Çingizin bu işini dünyanın demək olar ki, bütün teleşirkətləri göstərdilər. Çingizin igidliyi sayəsində dünya erməni faşizmi barədə gerçəkləri öyrəndi.  

O, ermənlərə qarşı yalnız Qarabağda döyüşüb mübarizə aparmırdı. Ən kiçik imkan düşəndə o, öz kamerası ilə Moskvaya uçurdu və Rusiyanın Cənubi Qafqazda sülhdən danışan, amma erməni işğalçılarına dəstək verən bir neçə siyasətçisindən də haqq-hesab tələb edirdi.

Çingiz həlak olandan sonra ANS öz radiostansiyasına onun adını vermək qərarına gəldi. Və efirdə belə bir şüar səsləndi - ANS ÇM 102 FM. Mən indi kimin dediyini dəqiq xatırlamıram, amma kimsə demişdi ki, 102 FM radiosu Qarabağda həlak olmuş bütün jurnalistlərə abidədir.

Sonra dəhşətli işlər baş verdi. ANS şirkətin terrorçularla hansısa mifik əlaqələrdə günahlandırıb tələm-tələsik bağladılar. O cümlədən ANS ÇM radiosunu da bağladılar. Bu əməli törədən yüksək çinli məmurlar - Əli Həsənov və Nuşirəvan Məhərrəmli idi və onları bu yaxınlarda işdən qovdular. Onun ikisi də Çingizlə yaşıd idilər, amma Qarabağa getməmişdilər. Onda onlar institutda oxuyurdular və yaxşı vəzifə tutmağa hazırlaşırdılar. Vəzifə tutadndan sonra isə ANS-i sevmirdilər. Çünki burda onlara heç zaman “Baş üstə” demirdilər. ANS həmişə dahi Heydər Əliyevin səsləndirdiyi prinsiplə işləyirdi: “Prezidentə kömək etmək istəyirsənsə, araşdır və gerçəyi söylə”. Çingiz cəbhədə həlak oldu, onlar isə yaxşı mənzillərdə yağ-bal içində yaşayır, yaxşı maşınlarda gəzirlər.

İndi bizim dövrdə yazıçılar, bəstəkarlar, ictimai xadimlər tələb edir ki, Çingiz Mustafayev adına radio efirə qayıtsın. Amma indiki məmurlar sanki keçmiş həmkarları ilə həmrəydirlər. Hətta ölkənin Baş Prokurorluğu ANS-ə qarşı bütün ittihamları ləğv etdikdən sonra belə, onlar qərarı dəyişmək istəmirlər.

Öz həyatını Vətənə qurban vermiş Çingizin xatirəsi əbədi yaşayacaq. Mən fikir vermişəm ki, onun ad günündə və həlak olduğu tarixdə Şəhidlər Xiyabanına çox sayda adam - yalnız doğmaları, yaxınları və dostları deyil, həm də tamamilə yad insanlar gəlir və onların içində gənclər də çoxdur. Çünki Çingiz Mustafayev gənc yaşlarında öz yaşıdlarının - gənclərin pərəstiş yeri idi.

Çingiz, səni indi də sevirlər. Rahat yat. Mənim əziz qardaşım. Ad günün mübarək.

 

Mais Məmmədov

əməkdar jurnalist