“İstərdim ki, Çingiz Mustafayevin ad günündə efirdə “ANS ÇM - 102 FM” sözləri yenidən eşidilsin”

27 Avqust, 2019 15:11 | Siyasət | Baxış sayı: 411
Çingiz Mustafayev - Milli Qəhrəman
Çingiz Mustafayev - Milli Qəhrəman

29 avqust Çingiz Mutafayevin - igid və qəhrəman reportyorun ad günüdür

Biz onunla eyni şəhərdə doğulub böyümüşdük, amma heç vaxt görüşməmişdik. Çingizlə ilk dəfə Qarabağda rastlaşdıq, müharibə yoldaşı olduq, onda orada müharibə gedirdi, bir sıra KİV-lər isə nədənsə buna göz yumur, sadəcə münaqişə adlandırırdılar. 

Çingiz o vaxt Bakı sanatoriyalarından birinin baş həkimi idi. Sonra işdən çıxdı, gənc xanımını və yenicə doğulmuş oğlunu evdə qoyaraq cəbhəyə getdi. Bir dəfə səbəbini soruşanda “Qarabağ daha vacibdir” demişdi. O zaman bu dağlıq bölgədə vəziyyət çox gərgin idi. Xəyali “Böyük Ermənistan” ideyası ilə qızışmış Ermənistan Azərbaycan torpaqlarını işğal edirdi. Üstəlik, Bakıda hakimiyyət uğrunda gedən müharibə də Azərbaycan ordusunun döyüş qabiliyyətinə pis təsir edirdi.

O vaxtlar Qarabağ cəbhəsinə gedən Azərbaycan jurnalistləri çox igid insanlar idilər. Ermənilər orda yalnız güllə atıb, partlayış törətməklə kifayətlənmirdilər, həm də azərbaycanlıları ermənisayağı - xəlvəti, güllə ilə xaincəsinə öldürürdülər. Yenə də, mənim fikrimcə, o vaxt bizim aramızda ən igidi, qoçağı Çingiz Mustafayev idi. O, həm kamera ilə çəkir, həm reportajlarına mətn yazır, həm də qəflətən öz mövqelərini qoyub geri çəkilən döyüşçülərlə mübahisəyə girirdi. İş hətta qışqırıq-bağırığa qədər gedirdi, amma sonda yenə də jurnalist qələbə çalırdı.

“Bilirsiniz, Mais müəllim, ordakılar yaxşı oğlanlardır, amma barıt qoxusu duymayıblar, buna görə qorxurlar. Vaxt keçsin, onlar hamısı yaxşı döyüşçü olacaqlar”, - deyə bunları sonradan mənə deyir və sanki onları müdafiə edirdi. Onunla çox yerdə olmuşuq - Xankəndidə, Xocalıda, Kəlbəcərdə.

Ermənilər içərisində Azərbaycanın dövlət xadimləri, Rusiya və Qazaxıstan sülhməramlıları olan vertolyotu vuranda da biz onunla birlikdə hadisə yerində idik. Amma mənim yaddaşımda əbədi olaraq Xocalı qalıb. Ermənistan ordusunun Rusiyanın 366-cı alayının köməyi ilə Xocalını işğal etməyə nail olduğu günün səhəri biz Ağdama getmişdik. Bütün kabinetləri gəzirdik ki, bizə heç olmasa, Xocalıya yaxın bir yerə qədər getmək üçün nəqliyyat versinlər.

Onda bəxtimiz gətirdi - Azərbaycanın keçmiş baş nazir müavini Abbas Abbasov Gəncədə idi – telefonda bizi dinləyərək dedi ki, 40 dəqiqədən sonra sizə nəqliyyat verəcəyik. Doğrudan da yarım saat sonra vertolyot gəldi və biz Xocalı tərəfə uçduq. 20 dəqiqədən sonra pilot bizə tərəf qışqıraraq dedi ki, aşağı baxın. Biz dəhşət içində donub qalmışdıq - aşağıda dərin çala meyitlə dolu idi. Şosse ilə getsəydik, bu yeri görə bilməzdik.

Vertolyotdan enərkən dəhşət içindəydik - ətraf uşaq, qoca və qadın meyitləri ilə dolu idi. Çoxunun əl-ayağı bağlı idi. Hiss olunurdu ki, erməni vəhşiləri ölümqabağı onlara işgəncə vermişdilər. İnsanların döyüş bölgəsindən çıxmağa cəhd göstərdikləri aydın idi. Neçə ildən sonra Qarabağ quldurlarınım başçısı, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan etiraf etmişdi ki, bu qanlı əməliyyata o əmr veribmiş: “Bizdən qorxmalı idilər”.

Gördüklərimizdən dəhşətə gəlmişdik. 40 dəqiqədən sonra biz oranı tərk etməli olduq, vertolyotdan bizə işarə etdilər ki, getmək lazımdır, erməni silahlıları yaxınlaşır. Uşaqların meyitlərini götürüb Ağdama uçduq. Sonra Çingiz heyrətamiz bir film hazırlayıb, Milli Məclisin iclasında təqdim etdi. Çingizin çəkdiyi dəhşətli kadrlara baxan yaşlı insanlar uşaq kimi ağlayırdılar. Sonra bu film bütün dünyaya nümayiş etdirildi. Erməni millətçiliyinin yırtıcı caynaqları ilk dəfə məhz bu filmdə göstərildi.

“O, qəhrəman jurnalist və Azərbaycanın böyük vətənpərvəri idi”, - deyə bir neçə il qabaq Moskvada Qarabağa həsr edilmiş forumda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bildirmişdi.

Leyla xanım, ürəkdən gələn bu sözlərə görə sizə təşəkkür edirik. 15 iyun 1992-ci ildə mən cəbhə şəhəri Ağdama getmişdim. Qərargaha getdim ki, öyrənim, görüm yeni nə var? Qəfil telefon zəngi gəldi. Xəbər verdilər ki, Çingizi ağır yaralayıblar. Mən ön cəbhəyə qaçdım. Ancaq təəssüf ki, Çingiz əsl əsgər kimi, ermənilərin hücumunun qarşısının alınması zamanı qəhrəmancasına həlak olmuşdu. Və bunu onun sevimli telekamerası çəkmişdi. O, şəhid olanda cəmi 32 yaşı vardı…

Mən bu acı xəbəri Çingizin yaxınlarına çatdırmalı oldum. Ona ölümündən sonra Milli Qəhrəman adı verdilər. Adını Bakının küçələrindən birinə həkk etdilər. ANS şirkəti Çingizin adını öz radiostansiyasına verdi. Efirdə hər gün “ANS ÇM 102 FM” sözləri səslənirdi. Prezidentimiz İlham Əliyev qərar verdi ki, Xocalı qurbanlarına qoyulan abidənin üzərində Çingiz Mustafayevin əlində kamera tutmuş rəsmi olsun.

Mən bu qeydi niyə yazıram? Düşünürəm ki, birdən ölkə Prezidenti oxuyar, yaxud ona yaxın kimsə oxuyub bu barədə ona danışar. Axı İlham Əliyev öz fərman və sərəncamları ilə heç kimi unutmur. 29 avqust Çingiz Mutafayevin - mənim döyüş yoldaşımın, igid və qəhrəman reportyorun ad günüdür. İstərdim ki, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin ad günündə efirdə “ANS ÇM - 102 FM” sözləri yenidən eşidilsin. Bu, Qarabağdan geri dönməyən bütün jurnalistlər üçün təskinlik olardı, axı bu radiostansiya Azərbaycanda jurnalistin şərəfinə adlandırılan yeganə kütləvi informasiya vasitəsidir.

 

Hörmətlə,

Mais Məmmədov,