İordaniya səfiri Azərbaycan XİN-ə çağırıldı

27 İyul, 2020 16:54 | Siyasət | Baxış sayı: 60
XİN
XİN

İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

İstiPress-ə bu barədə XİN-dən məlumat verilib.

Bildirilir ki, Xarici İşlər nazirinin müavini Araz Əzimov ilə səfir Sami Abdulla Goşeh arasında görüş keçirilib.

Görüşdə nazir müavini Araz Əzimov İordaniya səfiri ilə, o cümlədən bu ölkənin Ermənistana silah satışı məsələsini müzakirə edib.

Nazir müavini Ermənistanın işğalçı siyasətinin nəticələrinin aradan qaldırılmadığı və hələ də ərazilərimizin beşdə birinin düşmən işğalı altında qaldığı, yüz minlərlə azərbaycanlının məcburi köçkün vəziyyətində yaşadığını bildirib.

Ermənistanın iki dövlətin beynəlxalq sərhədində sonuncu hərbi təxribatının bu ölkənin təcavüzkar niyyətindən əl çəkmədiyini növbəti dəfə açıq şəkildə nümayiş etdirdiyi bir vaxtda İordaniya tərəfinin işğalçı ölkəyə silah satması ilə bağlı yayılan xəbərlərin ictimaiyyətdə narazılıqla qarşılandığını səfirin diqqətinə çatdırıb.

İordaniya səfiri Azərbaycan tərəfinin narahatlığını anladığını qeyd edib. Azərbaycanla mövcud olan əlaqələrin strateji xarakterini nəzərə alaraq, mövcud narahatlığın aradan qaldırılması üçün bütün səylərini göstərəcəyini vəd edib.

Xatırladaq ki, daha əvvəl virtualaz.org saytı olaraq İordaniyadan Ermənistana silah tədarükü barədə yazmışdıq. Qeyd etmişdik ki, İordaniya ilə Ermənistan arasında sıx hərbi-texniki əməkdaşlıq mövcuddur və o, Yerevana silah və döyüş sursatı, xüsusən İordaniyada istehsal olunan tank əleyhinə əldə daşınan qumbaraatan kompleksinin (RPQ-32) göndərilməsi də daxil olmaqla, geniş bir sahəni əhatə edir.