BMT-dən hava xəbərdarlığı

27 İyul, 2019 15:50 | Siyasət | Baxış sayı: 118
Kəskin isti hava şəraiti
Kəskin isti hava şəraiti

"Kəskin istilər normaya çevrilə bilər"

Avropada rekord dərəcəyə çatan istilər tufanlı hava və leysan yağışlarla əvəzlənib. “Euronews”un məlumatına görə, Alp dağlarının Fransa hissəsində temperatur on dərəcə düşüb, “Tur de Frans” veloyürüşünün iştirakçılarının yolunu isə palçıq seli kəsib. Kölgədə 40 dərəcəni üstələyən temperatur rekordlarından sonra 30 dərəcə Fransada çoxdan gözlənilən sərin hava kimi qəbul edilir. Mütəxəssislərin sözlərinə görə, təhlükə rəqəmlərdə deyil, dəyişikliklərin sürətindədir.

Dünya Meteorologiya Təşkilatının təmsilçisi Kler Nullis deyib: “Adətən yeni rekord müəyyən olunanda, fərq bir dərəcənin ondabir hissəsini təşkil edir, bu dəfə isə biz tam iki, üç, dörd dərəcə artım görürük. İnanılmazdır”.

BMT nümayəndəsinin sözlərinə görə, yaranmış meyillər narahatlıq doğurur: belə gedərsə, əsrin ortalarında oxşar hallar hər iki ildən bir təkrar olunacaq.

Fermerlər həyəcan təbili çalırlar: dalbadal ikinci ildir ki, Avropada yay isti və quraq keçir. Yeraltı suların səviyyəsi azaldığına görə taxıl bitkiləri vaxtından əvvəl quruyur, əkin sahələri sıradan çıxır, ağac və kolluqlar xəstəliklərə və ziyanvericilərə qarşı müqavimət göstərə bilmir.