Azərbaycan helikopterləri Ermənistanda qorxu yaratdı

27 İyun, 2018 20:48 | Siyasət | Baxış sayı: 947
Helikopter hücum zamanı
Helikopter hücum zamanı

Barıt çəlləyi istənilən vaxt partlaya bilər

Erməni politoloqlar Azərbaycanın hərbi paradda nümayiş etdirdiyi silahları təlaşla izlədilər və xüsusilə ABŞ istehsalı olan  Bell 412 helikopteroləri İrəvanda böyük qorxu yaratdı.

İstiPress-in məlumatına görə, erməni politoloqlar bunu Rusiya ilə yanaşı ABŞ-ın da Azərbaycana silah satması kimi dəyərləndiriblər.  

"Azərbaycan ABŞ-ın yeni silahlarını alır - bu, Qarabağ münaqişəsi tarixində görünməmiş hadisədir", - deyə politoloq Vardan Voskanyan bildirib. 

Erməniləri qorxudan ikinci məsələ isə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Azərbaycanın Qarabağ məsəəlsində konstruktiv mövqe tutması barədə verdiyi açıqlamadır.  Erməni politoloq Stepan Safaryan bunu Azərbaycanın başlaya biləcəyi potensial müharibəyə dəstək kimi dəyərləndirib. “1in.am”a müsahibəsində o, bildirib ki, Ermənistan bütün beynəlxalq qüvvələri işə salaraq müharibədən qaçmalıdır.

Portala müsahibə verən politoloq Ara Papyan isə Azərbaycanın ABŞ-dan helikopter almasına Rusiyanın reaksiya verməməsinə toxunub: “Bu göstərir ki, Qarabağ münaqişəsi dünya ictimaiyyətinin dəqqət mərkəzində deyil, Azərbaycan yəqin ki, bundan istifadə etməyə çalışır”.

Əslində, Ara Papyan dünya ictimaiyyəti dedikdə Ermənistanın metropoliyası Rusiyanı nəzərdə tutur. Onun fikrincə, Rusiya Azərbaycanı tutub saxlamalı və öz ərazilərini işğaldan qurtarmağa imkan verməməlidir.

Bell 412 helikopteroləri
Bell 412 helikopteroləri

Təbii ki, Ermənistan ekspertlərini qorxudan yalnız Amerika helikopterləri deyil, həm də hərbi paradda nümayiş etdirilən digər silahlar olub. Bu silahların içində Rusiya, İsrail və Türkiyə silahları da yer almışdı. Silahları görən sadə insanlar, təbii ki, daha çox təşvişə düşürdülər və sonu görünməyən müharibə duyğusu həm miqrasiyanı gücləndirir, həm də diaspor təmsilçilərini Ermənistana maliyyə yatırmaqdan çəkindirir.

Buna görə də erməni politoloqlar və KİV-lər əhalinin qorxusunu azaltmağa çalışırlar. Məsələn, politoloq Suren Sarkisyan “Facebook”da iddia edir ki, ABŞ-a (kimə? – red.) müraciət edib və məlum olub ki, Azərbaycan həmin helikopterləri mülki məqsəd üçün alıb, sonra hərbiləşdirib. Suren Sarkisyan sadə ermənini inandırmağa çalışır ki, bəs, ABŞ-dakı xristian qardaşları onları unutmazlar və müsəlman Azərbaycana silah satmazlar.

Rusiyanın “Sputnik” radiosunun İrəvanda fəaliyyət göstərən “Sputnik Armeniya” portalı isə daha irəli gedərək işğal olunmuş Azərbaycan şəhərlərinə - Şuşaya və Xankəndiyə xüsusi müxbir yollayıb. Həmin müxbir isə bir gecə Şuşada qaldığını və əhalinin heç bir qorxu hiss etmədiyini bildirib. Amma məqalədən belə çıxır ki, Şuşada o, oteldə gecə növbətçisi işləyən və İrəvan ermənisi üçün anlaşılmaz Qarabağ ləhcəsində danışan qızdan başqa heç kimi görməyib. O, adamlarla yalnız Xankəndidə ünsiyyət qura bilib. Çayxanada saatlarla oturub heç bir iş görmədən kədərli gözlərlə bir-birinə baxan Xənkəndi erməniləri də İrəvandan gələn müxbirə yadelli qonaq kimi baxırmışlar. Müəllif məqaləsini qəribə nəticə ilə bitirir: Burda bilirlər ki, barıt çəlləyinin üstündə yaşayırlar. Yəni onların Bakıdakı paraddan gördükləri silahlar istənilən vaxt həmin çəlləyi partlada bilər.