İlham Əliyev: Bugünkü dünyada beynəlxalq hüquq işləmir

27 May, 2018 09:59 | Siyasət | Baxış sayı: 89
İlham Əliyev - Azərbaycan prezidenti
İlham Əliyev - Azərbaycan prezidenti

"Bu gün dünyada güc amili ön plana çıxır, biz bunu demək olar ki, hər gün görürük"

Bugünkü dünyada beynəlxalq hüquq heç də hər zaman işləmir, son vaxtlar ümumiyyətlə işləmir.

Bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə çıxışı zamanı deyib.

"Bu, reallıqdır. Biz real dünyada yaşayırıq və əlbəttə ki, öz siyasətimizi dünyada mövcud olan real vəziyyətə uyğunlaşdırmalıyıq. Ona görə, əlbəttə, biz bundan sonra da həm iqtisadi sahədə, həm ordu quruculuğu sahəsində və digər sahələrdə öz gücümüzü artıraraq münaqişənin həllini yaxınlaşdırmalıyıq",- deyə Azərbaycan preziudenti vurğulayıb.

Onun sözlərinə görə, bu gün dünyada güc amili ön plana çıxır: "Biz bunu demək olar ki, hər gün görürük. Əlbəttə, biz bu istiqamətdə öz addımlarımızı atmışıq və atacağıq. Son illər ərzində ordu quruculuğuna ayırdığımız diqqət və qoyduğumuz vəsait bir daha göstərir ki, biz düzgün yoldayıq və bu yolu davam etdirəcəyik".

İlham Əliyev bildirib ki, Azərbaycan regional əməkdaşlıq formatında çox fəal çalışır: "Biz regional əməkdaşlıq formatlarının yaradılmasına çalışmışıq və demək olar ki, buna nail ola bilmişik. Bizim təşəbbüsümüzlə hazırda bölgədə dörd üç və dördtərəfli regional əməkdaşlıq formatı mövcuddur. Biz bu əməkdaşlıq formatlarının təşəbbüskarı olmuşuq. Onların çox praktiki mənası var. Bu əməkdaşlıq bu formatlarda iştirak edən bütün ölkələr üçün faydalıdır. Biz bu işi davam etdirəcəyik. Biz bu bölgədə yaşayırıq və əlbəttə, bölgədə sülhün, sabitliyin təmin edilməsi, o cümlədən beynəlxalq əməkdaşlıqdan asılıdır. İşğalçı Ermənistandan başqa bizim heç bir ölkə ilə heç bir problemimiz yoxdur. Əksinə, bizim bütün ölkələrlə əlaqələrimiz inkişaf edir. Bu əlaqələr bərabərhüquqlu əlaqələrdir, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq əsasında formalaşan əlaqələrdir".