Erməni ilə döyüşdə son gülləni özünə vurdu

27 Aprel, 2018 15:18 | Siyasət | Baxış sayı: 484
Məcid ağa son gülləsini özünə vurdu
Məcid ağa son gülləsini özünə vurdu

Adı illərlə gizlədilmiş ədsanəvi qəhrəmanın döyüş yolu

Zadəganların sinfi düşmən kimi tanıdıldığı sovet illərində bir əsilzadə - Yaqublu dərəsinin bəyi Məcid ağa barədə Göyçə mahalında əfsanələr dolaşırdı.

Məcid ağanın Göyçə gölündən 10-15 kilometr yuxarıda - Gədəbəy rayonu ərazisində yerləşən evi və bağı çoxlarında maraq oyadırdı, Çəmbərəkdən keçərək Gədəbəyə gedən hər bir kəs uzaqdan da olsa o evi görməyə çalışırdı. Çünki o ev 1918-ci ildə erməni zülmündən qaçmış çox göyçəlinin sığındığı isti ocaq olmuşdu.  1988-ci ildə olduğu kimi 1918-ci ildə də indiki Gədəbəy rayonu ərazisində yaşayan elatlar - miskinlilər, yaqublular, şınıxlılar, xınnalılar Göyçə gölünün sahilindəki kəndlərin sakinlərini erməni hücumlarından qorumaq üçün silahlanıblarmış, çiyin-çiyinə dayanaraq sinələrini erməni gülləsi qarşısında sipər ediblərmiş ki, düşmən Gəncə istiqamətində hərəkət edə bilməsin. Gədəbəydə könüllülərdən ibarət bu silahlı dəstələrə Məcid ağa Şəkibəyov rəhbərlik edib.

Göyçənin Şişqaya kəndində yaşamış və 1977-ci ildə dünyasını dəyişmiş Cavad İbrahim oğlu Rüstəmov 1970-ci illərdə danışırdı ki, Göyçədə erməni-müsəlman davası düşən kimi Məcid ağa yüzlərlə göyçəli ailəsi kimi onları da xilas edərək Yaqublu dərəsində yerləşdirib, Göyçədən qaçqın düşmüş adamları düz 1922-ci ilə kimi yanında saxlayıb. Ermənistan SSR yaranandan sonra isə bir çoxlarını birdəfəlik Gədəbəydə yerləşdirib. İndi çoxları bilmir ki, o vaxt rəsmi bölgüyə görə İrəvan quberniyasına aid olsa da, Andranikin başçılıq etdiyi erməni qoşunları nə qədər hücum etsə də Göyçənin İrəvana yaxın 5 kəndi Azərbaycanın nəzarətində qalıb. Bu işə Nikolay vaxtı nahiyə pristavı, cumhuriyyət dövründə isə qəza rəisi işləmiş Məcid ağa Şəkibəyov və yaxın qohumu Mustafa ağa Şəkibəyov rəhbərlik edib. Onlar Göyçədə silahlı dəstələr yaradaraq erməniləri qarşı vuruşmuş xalq qəhrəmanları Topal Orucu, Cığal Həsəni, Cilli Cavadı və başqalarını ətrafına yığaraq daşnak qoşununu irliləməyə qoymayıblar.

Ümumiyyətlə, Məcid ağanın həmin dövr Göyçə - İrəvan bölgəsində ermənilərə qarşı vuruşmuş əksər xalq qəhrəmanlarına bir bağlılığı vardı. Məsələn, Vedidə “Qırmızı tabor” yaradaraq ermənilərə qarşı vuruşmuş Abbasqulu bəy Şadlinskinin anası Göyçədə Andranik tərəfindən öldürülmüş Səməd ağa Kəsəmənskinin bacısı idi. Bəlkə də, Məcid ağanın Andranikə qələbə çaldığı məşhur Pənbək döyüşü də məhz Səməd ağanın öldürülməsinin  intiqamı idi. Çünki Kəsəmənskilərin malikanəsi Pənbək dərəsi tərəfdə idi və sonradan malikanəni yaxınlığında Dərə kəndi salınmışdı. Məcid ağa özü də soyca kəsəmənlilərdən idi, buna görə dağ qonşusu və kökdən qohumu olan Kəsəmənskilərin öcünü almaq ondan ötrü qeyrət məsələsi idi. O həm də bu qələbə ilə Andranikin qoşununun Göyçənin bəzi kəndlərinə girməsinə mane olmuşdu. Andranikin həm də Gəncə istiqamətində irəliləməsi dayandırılmışdı. 

Buna görə də Göyçə ağsaqqaları sovet illərində öz övladlarına Məcid ağanın qəhrəmanlıqlarını öyrədirdilər. Göyçədə böyümüş hər bir kəsin gözündə Məcid ağa bir xalq qəhrəmanı, el atası, məzlumların himayədarı kimi canlanırdı.

Mustafa ağa (soldan birinci) qardaşı oğlu Siyaş və Qaxın Qum kəndindən olan silahdaşı ilə
Mustafa ağa (soldan birinci) qardaşı oğlu Siyaş və Qaxın Qum kəndindən olan silahdaşı ilə

“Bolşevik donuna girmiş ermənilər Məcid ağadan sovet illərində də əl çəkmədilər, evinə hücum elədilər, o isə sona qədər vuruşdu, ətrafındakı bütn adamları itirdikdən sonra özünü vurdu. Mustafa ağanı isə yaxın dostu Rüstəm Əliyevin adı ilə aldadadıb NKVD-yə çağırdılar. Sən demə, Rüstəm Əliyevin özünü onda tutublarmış. Yoxsa Mustafa ağa ermənilərin çağırışına ora getməzdi. Mustafa ağanı hətta cürətləri çatıb həbs eliyə bilməyiblər, xain kimi başını söhbətə qataraq qəflətən əllərini arxadan bağlayıblar. Yoxsa Mustafa ağa ölərdi, tabe olmazdı”,- deyə göyçəli Cavad Rüstəmov xatırlayırdı: “Ümumiyyətlə, Məcid ağa igid olduğu qədər də sərt adam idi, Mustafa ağanın da igidlikdə tayı-bərabəri yox idi, amma bir o qədər də mülayim idi, dostları çox idi”.    

Təəssüf ki, Məcid ağanın qoruyub Azərbaycanın nəzarətində saxlaya bildiyi, uğrunda həyatını verdiyi Gədəbəydə sovet təbliğatı tam tərsinə işləyirdi. Onu sovet rejiminin düşməni, varlı feodal və ən yaxşı halda qaçaq kimi təqdim etməyə çalışırdılar. Halbuki, nə Məcid ağa, nə də Mustafa ağa həyatı boyu qaçaq olmamışdılar, öz evlərini tərk etməyi ağıllarına gətirməmişdilər. Məcid ağa hətta dustaqlıqda ölməyi belə ağlına gətirə bilmirdi, buna görə də bolşevik mühasirəsindən çıxa bilməyəcəyini görüb son gülləsini özünə vurmuşdu.  Sovet illərində hətta vəziyyət o qədər dözülməz idi ki, Şəkibəyovların törəmələri zülm  qarşısında qalaraq soyadlarını dəyişməyə məcbur olurdular.    

Çingiz Dalğının “Üç kəlmə üç güllə” kitabı təqdim - "Azərkitab",  25 aprel 2018-ci il
Çingiz Dalğının “Üç kəlmə üç güllə” kitabı təqdim - "Azərkitab", 25 aprel 2018-ci il

Sevindiricidir ki, artıq Məcid ağanın və Şəkibəyovların başının üstünü almış bu duman dağılmağa başlayır. Məcid ağa barədə gerçəkləri üzə çıxaran kitablar yazılır, tədbirlər keçirilir. Belə tədbirlərdən biri də bu həftə Bakıda Kitab Evində keçirildi və şair Çingiz Dalğının “Üç kəlmə üç güllə” kitabı təqdim edildi. Xoş olan o idi ki, kitabın təqdimatında 12 millət vəkili iştirak edirdi və tədbiri millət vəkili, Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov açdı. Millət vəkilləri Arif Rəhimzadə, Rəfael Cəbrayılov, Tahir Kərimli çıxış edərək Məcid ağanın müstəqil Azərbaycanın qurulması üçün göstərdiyi xidmət və qəhrəmanlıqlar barədə bütün Azərbaycanı məlumatlandırmağın vacibliyindən danışdılar.

Gədəbəyli professorlar İzzət Rüstəmov və Rəşid Mahmudov isə həmyerliləri Məcid ağa barədə gerçəklərin üzə çıxmasından çox məmnun olduqlarını bildirdilər. Gədəbəydən seçilmiş millət vəkili Sevinc Hüseynova isə belə bir tədbirin artıq Gəncədə keçirildiyini və bu istiqamətdə işlərin davam edicəyini söylədi. Millət vəkili Aqil Abbas isə Çingiz Dalğının poemasındakı bir məqama toxunub və Məcid ağa kimi qəhrəmanların xatirəsini yad elmək üçün bir abidənin olmamasını böyük dərd sayıb: “Əlimdə gül gətirmişdim, Gülüm əlimdə qaldı, Məzarını tapammadım, Sözüm dilimdə qaldı”.

Kitabda həm də Məcid ağanın böyük qardaşı Əsgər ağanın şəkli də dərc olunub. O, digər  sənədlərlə  birlikdə sovet həbsxanasının arxivindən götürülüb. Sovet rejimi Əsgər ağanın ahıl çağlarına baxmayaraq onu həbsxana divarları arasında məhv etməkdən çəkinmədi.

Şübhəsiz ki, bu cür kitabların yazılması çox gözəldir, amma yetərli deyil. Məcid ağa, Mustafa ağa, Əsgər ağa kimi qəhrəmanları Azərbaycanın daha geniş kütələləri tanımalı, bunun üçün sənədli və bədii filmlər çəkilməlidir. Onların mübarizəsinə televiziya verilişləri həsr edilməlidir. Bunu müstəqil Azərbaycanın gələcəyi tələb edir,  keçmişdə Azərbaycanın müstəqilliyi uğrunda hər şeyini qurban vermiş qəhrəmanlara düzgün qiymət verməliyik ki, gələcək nəsillər də onlara qanlar bahasına bəxş edilmiş müstəqilliyin qiymətini bilsinlər və Azərbaycanı əbədi olaraq müstəqil yaşatsınlar. 

Çingiz Rüstəmov