65 il sonra ilk - Dünyanın gözləmədiyi tarixi görüş FOTO

27 Aprel, 2018 08:50 | Siyasət | Baxış sayı: 193
Şimali və Cənubi Koreya liderləri
Şimali və Cənubi Koreya liderləri

"Daha sizi yuxusuz qoymayacağam"

Bütün dünyanın baş tutacağına inanmadığı tarixi görüş 65 il sonra reallaşdı. İstiPress-in məlumatına görə, uzun illərdir düşmən münasibətdə olan Cənubi və Şimali Koreya (KXDR) prezidentləri Mun Çje İnlə Kim Çen In arasında görüş keçirilib. İlk olaraq prezidentlər sərhəddə qarşı-qarşıya gəliblər. Onların hərəsi öz ölkəsi tərəfdə dayanıb. 

Daha sonra Kimin dəvəti ilə Mu Çje bir addım irəli ataraq Şimali Koreya ərazisinə keçib. KXDR və Cənubi Koreya liderləri Pxanmuncomda görüş zamanı bir-birinin əlini sıxıblar.

Artıq sərhəddə yerləşən Pxanmuncom kəndində aparılan danışıqların birinci mərhələsi başa çatıb. 

Cənubi Koreya lideri iki ölkə arasında dəmiryol əlaqəsinin bərpasını, sürət qatarının olmasını təklif edib. Cənubi Koreya mətbuatının məlumatına görə, Kim həmkarı ilə söhbətdə zarafat da edib. "Raket sınaqlarına görə səhərlər erkən oyandığınızı eşitmişəm. Artıq yuxunuza mane olmayacam. Söz verirəm". 

Görüşdən sonra tərəflər nahar fasiləsi üçün ayrılıblar. Şimali Koreya lideri və rəhbərlik etdiyi nümayəndə heyəti öz maşınları ilə nahar fasiləsi üçün Pxanmuncom hərbi demarkasiya xəttini keçərək şimala qayıdıb. 

Nahardan sonra onlar yenidən görüşəcəklər. İki liderin birlikdə ağac da əkəcəyi, Şimalla Cənub arasında münasibətləri yaxşılaşdırmaq barədə müzakirə aparacaqları gözlənilir.

Xatırladaq ki, bir müddət öncə Şimali Koreya lideri bütün dünyanaı qorxuya salan nüvə sına qlarını dayandırdığını, hətta nüvə poliqonlarını da bağlayacağını elan edib.