"İstəyirik azərbaycanalılar tərcüməçisiz söhbət edə bilsinlər"

26 Dekabr, 2018 08:42 | Siyasət | Baxış sayı: 113
Rus dili dərsi
Rus dili dərsi

Prezident rusiyalı jurnalistlə rus dilinin yayılmasından danışdı

"Rus dilini bilmək həm tələbatdır, həm də bizim tarixi əlaqələrimizə hörmət əlamətidir. Bu gün mən görürəm ki, buna cəmiyyətdə necə tələbat var".

Bu barədə prezident İlham Əliyev "Rossiya 24" kanalına müsahibəsində bildirib. Onun fikrincə, Azərbayacana gələn milyona yaxın rusiyalı, ilk növbədə, ona görə buraya gəlir ki, özlərini rahat mühitdə hiss edirlər. Bu da çox vacibdir. Buna görə də bizim rus dilini qorumaq, onun inkişafı üçün daha yaxşı şərait yaratmaq siyasətimiz tamamilə düzgündür və bunun müsbət nəticələrini görürük. 

İ.Əliyev bildirib ki, bu gün Azərbaycanda rus dilində təhsil verən 340-dan çox məktəb var. Üç mindən çox məktəbdə isə rus dili tədris olunur. Müqayisə üçün  demək olar ki, ölkədə cəmi 4,5 minə yaxın məktəb var.

"Yəni, bizim məktəblərimizin mütləq əksəriyyətində rus dili tədris olunur. 340-dan çox məktəbdə isə tədris rus dilində aparılır və bu məktəblərin sayı artır.

Rus dilinə hörmət etməklə biz öz dilimizə qətiyyən xələl gətirmirik. Bu, sadəcə, mümkün deyil. Hesab edirəm ki, Azərbaycanın bugünkü inkişafı dünyaya, ilk növbədə, öz qonşularına açıq olmaqla milli maraqlarını, identikliyini qorumağın nümunəsidir. Biz son illərdə Rusiyanın iki aparıcı ali məktəbinin - Lomonosov adına MDU-nun və Seçenov adına Tibb Universitetinin filiallarını da yaratmışıq. Həmin filiallarda da tədrisi Rusiyadan olan müəllimlər rus dilində aparırlar. Buna görə də mədəni-humanitar sahə, təhsil sahəsi elə bir sahədir ki, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dəstəklənməsinə kömək edəcək. Siz qeyd etdiniz ki, Sovet İttifaqının dağılmasından 27 il ötüb və yeni nəsil yetişib. Biz istəyirik ki, Azərbaycan vətəndaşları rus dilini də, ingilis dilini də və əlbəttə, ilk növbədə, öz ana dilini bilsinlər. Mümkün qədər çox dil bilsinlər və tərcüməçisiz rahat söhbət edə bilsinlər".