Gürcüstan da çadranı qadağan edir

26 Dekabr, 2018 12:26 | Siyasət | Baxış sayı: 53
Niqab
Niqab

İctimai yerlərdə niqab və burka taxanlar 5oo dollara kimi cərimələnə bilər

Gürcüstan parlamentinin İnsan haqları və vətəndaş inteqrasiyası komitəsində ictimai yerlərdə çadra, niqab və burkanın qadağan olunmasını nəzərdə tutan qanun layihəsi müzakirə olunub. Sənədin müəllifi olan Vətənpərvərlər Alyansı Partiyasının deputatı Emzar Kvitsiani bildirib ki, bu cür geyimlər şəxsiyyətin müəyyən olunmasına imkan vermir və terrorçuluq təhlükəsi yaradır.

E.Kvitisiani qanun layihəsindən çadra sözünün çıxarıldığını deyib. O, bu dini geyimin qadağan olunması ilə bağlı təklifinin yanlış olduğunu qeyd edib.

Parlament üzvü, müxalif Avropalı Gürcüstan Partiyasının nümayəndəsi Serqo Ratiani isə deyib ki, təklif olunan qanun layihəsi insan haqları, ifadə və inanc azadlığını məhdudlaşdırır.

Müzakirələrdə iştirak edən Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov çadranın ictimai yerlərdə məhdudlaşdırılması müddəasının layihədən çıxarılmasını müsbət qiymətləndirdiyini deyib: “Niqab və burkaya gəlincə, deyə bilmərik ki, İslamda qadınların bu geyimlərdə olması qəti şərtdir. Qadın üçün vacib olan hicab şərtlərinə cavab verən libas geyinməkdir. Hicab qadının örtülməsi vacib olan bütün bədən üzvlərini tam örtməli, şəffaf olmamalı, bədənə kip yapışacaq dərəcədə dar olmamalı və nəzər-diqqəti cəlb edəcək qədər əlvan və cəlbedici olmamalıdır. Bu şərtlərə cavab verən hər cür geyim şəriətdə məqbuldur”.

Sənədin növbəti müzakirəsi yanvarın 21-nə təyin olunub.

Qeyd edək ki, qanun layihəsinə əsasən, meydan, park, bütün ictimai nəqliyyat vasitələrində və digər ictimai yerlərdə niqab və burkadan istifadəyə görə 500 lari (188 dollar), təkrar istifadəyə görə isə 1500 lari (563 dollar) məbləğində cərimənin tətbiq olunması nəzərdə tutulub.

Üzü bağlayan geyimlərə qadağa Gürcüstanda akkreditasiya olunmuş diplomatik korpusların əməkdaşlarına şamil olunmayacaq. /report/