Gürcüstan Qarabağda Azərbaycana ən böyük dəstəyi verdi

26 Dekabr, 2017 15:48 | Siyasət | Baxış sayı: 613
Rusiya tankları
Rusiya tankları

Rusiya hərbi texnikasının Qoridən keçərək Ermənistana gətirilməsinə imkan yaradılmadı

İşğal altında olan Abxaziya və Cənubi Osetiyadan yeni nəqliyyat dəhlizləri açmaq niyyəti ilə Tiflisə getmiş Serj Sarkisyanın səfəri uğursuz olub.

İstiPress-in məlumatına görə, erməni jurnalist Tevos Arşakyan “ArmenianReport”da yazdığı məqaləsində bildirir ki, Sarkisyanın Ermənistanı blokadadan çıxarmaq üçün etdiyi bu cəhd heç bir nəticə verməyib: “Sarkisyan yəqin ki, bu məsələ ilə bağlı gürcü rəhbərliyi ilə yetərincə çətin danışıqlar aparıb. Amma tamamilə aydındır ki, gürcü tərəfi öz seçimini edib”.

Serj Sarkisyan Tiflisdə
Serj Sarkisyan Tiflisdə

Erməni jurnalistin yazdığından belə çıxır ki, Serj Sarkisyan bu məsələ üçün Tiflisə üz tutanda elə bir ciddi ümidi yox imiş. Sadəcə, erməniləri Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ümidləndirmişdi. O, bildirmişdi ki, fors-major hallarında Ermənistan yük daşımaq üçün Abxaziya və Cənubi Osetiyadan istifadə edə bilər.

Kvirikaşvilinin bu bəyanatı hansı məqsədlə verdiyi aydın deyildi. Amma məlum idi ki, bu, Gürcüstan müxalifətini ciddi şəkildə özündən çıxarmışdı. Çünki bu, rəsmi Tiflisin Abxaziya və Osetiyanın ilhaqı ilə razılaşması demək idi. Bu, Gürcüstanla sıx əlaqələrə malik Türkiyə və Azərbaycanı da ciddi narahat etmişdi, çünki məsələ Gürcüstanın Dağlıq Qarabağ münaqişəsində Ermənistana dəstək verməsi də sayıla bilərdi.

Gürcüstanın işğal edilmiş Abxaziya və Cənubi Osetiya bölgələri
Gürcüstanın işğal edilmiş Abxaziya və Cənubi Osetiya bölgələri

Kəlbəcərin işğalından sonra Türkiyə Ermənistanla sərhədlərini bağlamışdı, bununla da Ermənistanın Türkiyə və Avropa ilə dəmir yolu əlaqəsi kəsilmişdi. Abxaziyanın işğalı ilə Ermənistanın Rusiya ilə də dəmir yolu əlaqəsi də kəsilmişdi. Ermənistan Rusiya ilə yalnız Hərbi Gürcüstan yolu ilə əlaqə saxlaya bilir ki, qış aylarında o, bəzən həftələrlə bağlı qalır. Həmin vaxt ermənilər Qara dənizdən bərə ilə yük daşıya bilirlər ki, bu həddindən baha başa gəlir və həftədən çox vaxt aparır. 

Ermənistan Abxaziyadan və Cənubi  Osetiyadan yolların açılmasında çox maraqlıdır, çünki bu ölkəyə yüklərin böyük hissəsi - 80 faizi Rusiyadan gəlir. Ermənilər vurğulayırlar ki, iqtisadi baxımdan Ermənistan üçün ən əlverişli marşrut Cənubi Osetiyadan keçən  Şimali Osetiya - Qori marşurutudur. O, mövcud Lars yolundan 80 kilometr uzun olsa da əlverişli iqlim şərtlərinə görə daha üstün mövqedədir.

Bu yolun Azərbaycan, eləcə də Gürcüstan üçün digər təhlükəsi isə həmin yol hərbi qüvvənin rahat keçə bilməsindədir. 2008-ci ildə baş vermiş müharibədə Rusiya tankları həmin yolu asanlıqla keçərək tez bir zamanda Qorini tutdur. Yəni Azərbaycan Qarabağda ciddi uğur qazanarsa, Rusiya hərbi texnikanı humanitar yük adı altında maskalayaraq, müəyyən kanallar vasitəsi ilə Ermənistana hərbi yardım göstərə bilər. Yəni həmin yolun bağlı qalması potensial Qarabağ müharibəsi baxımından çox vacibdir.

Əslində, baş verənləri həm Azərbaycanın diplomatik baxamdan erməni diplomatiyası üzərində qələbəsi deməkdir, həm də Gürcüstanın ciddi dövlətçilik ənənəsin malik olmasının sübutudur. Ermənilər nə qədər hadisəyə xristian həmrəyliyi donu geyindirsələr də, Gürcüstanı öz tərəflərinə çəkib Azərbaycanı təkləməyə çalışsalar  da, gürcülər öz dövlət maraqlarını qurban vermirlər və Qarabağ məsələsində Azərbaycanın yanında yer alırlar.