Qusar Qarabağ qaliblərini böyük sevinclə qarşıladı - VİDEO

26 Noyabr, 2020 12:57 | Siyasət | Baxış sayı: 304

25 noyabr. Axşam saat 21.20. Qusar şəhərinin girəcəyində - Azərbaycanın Dövlət Bayrağı meydanının qarşısında böyük izdiham var. Burada ən azı 500 nəfərə yaxın sakin və yüzlərlə Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş avtomobil var. Bütün diqqətlər Quba istiqamətinə yönəlib.

İki-üç saatdır yol gözləyən qusarlıların intizarına, nəhayət, son qoyulur. Hərbi maşın karvanı artıq Qusar ərazisinə daxil olur. Bəli, bu gün Müdafiə Nazirliyinin Qusarda yerləşən hərbi hissənin şəxsi heyəti cəbhədən qayıdır. İzdihama yaxınlaşan hərbçiləri qusarlılar çox böyük sevgi, hörmət və ehtiramla qarşılayır. Görüntüləri sözlə ifadə etmək mümkün deyil. Qusarda böyük coşqu... Sevincdən uşaq kimi avtobuslardan sallanan, boylanan əsgərlərin də sevinci sonsuzdur, yerdə onları qarşılayan sakinlərin də.

Qusarda möhtəşəm qarşılama
Qusarda möhtəşəm qarşılama

Halal olsun! Böyük coşqu ilə müşayiət olunan avtomobil yürüşünə start verildi. Təxminən 2 km məsafədə hərbi karvan hərbi hissənin qarşısına qədər müşayiət edildi. Burada da böyük insan kütləsi vardı. Qusarlılar olan yerdə mütləq rəqs olmalıdır. Əsgərlərimizlə qusarlı qızların coşqun rəqsləri qələbə ilə qayıdan hərbçilərimizə çox böyük sevinc idi. İzdihamın qarşısına çıxan hərbçilərimizdən biri qələbə təəssüratını çox böyük sevinclə qusarlılara çatdırıb: "Çox sevincliyik. Dilimiz söz tutmur. Biz qələbəni qazanmışıq, döyüşü qazanmışıq. Biz Paşınyanı qovmuşuq bu dövlətdən. Neynəməmişik daha? Aman verməmişik. Başını əzmişik. İti qovan kimi qovmuşuq, iti qovan kimi..."

Tolerant Qusarda Kəlbəcərin azad olunduğu gün müşahidə edilən bu görüntülər çox qürurvericidir. Camaatı bura heç kim dəvət etməyib, özləri gəlib. Axşamüstü "Bu gün hərbçilər Qusara qayıdır"- cümləsi ildırım sürətilə rayona yayılıb və sakinlər könüllü yığışıb şəhərin girəcəyinə. Pandemiya şəraiti qaydalarına əməl etmək şərtilə, təbii ki.

Qusarda ictimai asayişi qoruyan polislərimiz də insanların coşqusunu təbii qarşılayaraq həm yol hərəkəti qaydalarını ciddi qorudular, həm də bir vətəndaş kimi hərbçilərin qarşılanma yürüşünə həvəslə qatıldılar. Qeyd edək ki, Qusara gələn hərbçilər Quba şəhərinin girəcəyində də insanların coşqu və izdihamı ilə qarşılaşıblar. Fərqi yoxdur, Qusar və ya Quba. Əsas odur ki, bizə tarixi qələbə sevinci bəxş edən hərbçilərimiz alnıaçıq, üzüağ geri qayıdıblar. Düşmənin başını əzərək qayıdıblar. Bax, hamımız buna sevinirik. Yaşasın Azərbaycanın Şanlı Ordusu! Yaşasın bütün qələbə xəbərlərini xalqa çatdıran Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev! Qarabağ Azərbaycandır.

Aytəkin Alxaslı