Fransa hökuməti Qarabağı tanımadığını bildirir

26 Noyabr, 2020 10:20 | Siyasət | Baxış sayı: 157
Paris
Paris

Fransa Xarici İşlər Nazirliyinin Dövlət Katibi Jan-Batist Lemuan hesab edir ki, separatçı Dağlıq Qarabağın birtərəfli tanınması heç bir tərəfə fayda verməyəcək.

IstiPress-in məlumatına görə, o, müvafiq açıqlamanı Fransa Senatı tərəfindən hökumətdən separatçı quruluşu tanımağı xahiş edən qətnamənin müzakirəsi zamanı verib.

Fransa Xarici İşlər Nazirliyinin rəsmisi "Fransanın Dağlıq Qarabağın müstəqilliyini birtərəfli şəkildə tanıması heç kimə fayda verməyəcək" deyib. Onun sözlərinə görə, bu "Fransa hökumətinin siyasəti deyil, Ermənistanın siyasəti deyil, ortaqların siyasəti deyil".

Jan Batist Lemuan
Jan Batist Lemuan

O, Ermənistan da daxil olmaqla, heç bir dövlətin Dağlıq Qarabağı tanımadığını xatırladıb. Lemuan deyib ki, "Fransa yalnız tərəflərin hər birinə güvəndiyi təqdirdə vasitəçi rolunu oynaya bilər. Qarabağ problemi birtərəfli jest nəticəsində yox, yalnız tərəflər arasındakı dialoq nəticəsində həll oluna bilər".

"Bu gün, heç əvvəl olmadığı kimi, tərəflər bu dialoqu davam etdirmək üçün Minsk Qrupu həmsədrlərinin dəstəyinə ehtiyac duyurlar" deyən diplomat, "simvolik olaraq tanınmanın sülh prosesi üçün heç bir fayda verməyəcəyini" vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Fransa Senatı səs çoxluğu ilə hökumətdən separatçı Artsaxı tanımağı xahiş edən qətnaməni  təsdiqləyib. Sənəd məsləhət xarakterlidir.