Şəhid Dmitri Solnsevlə Bakı Rus-Pravoslav Kilsəsində vida mərasimi - FOTO

26 Oktyabr, 2020 12:22 | Siyasət | Baxış sayı: 110

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Dmitri Solnsevin nəşi Bakıdakı Rus-Pravoslav Kilsəsinə gətilirib.

İstiPress-in məlumatına görə, kilsədə dini ayinlər icra olunur. O, İkinci Fəxri xiyabanda dəfn ediləcək.

Şəhidin bacısı oğlu Anar Süleymanov bildirib ki, dayısı sentyabrda könüllü şəkildə döyüşlərə gedib: “Təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində alıb. Magistraturanı qırmızı diplomla bitirib. Vətənpərvər insan idi. Hətta koronavirusla mübarizə dövründə TƏBİB-də könüllü kimi çalışırdı".

Şəhidin bacısı Yuliya Solnseva isə bildirib ki, cəbhəyə getmək onun arzusu idi: “Biz onunla fəxr edirik. Bizim baş ucalığımızdır. Hər zaman çox məsuliyyətli, gözəl insan idi".

Vida mərasimində Azərbaycan Dövlət Neft Sənaye Universitetinin Cihazqayırma Kafedrasının müdiri Lalə Bəkirova da çıxış edib: "Allah bütün şəhidlərimizə rəhmət eləsin... Hər müəllim elə hesab edir ki, öz oğlu rəhmətə gedib. Bütün şəhidlərimiz bu torpağın azadlığı uğrunda canlarını fəda ediblər. Bizim borcumuzdur ki, onların adını yad edək. Ağır dərddir, lakin hər dəfə Prezident İlham Əliyevin xalqla bəyan etdiyi qələbə xəbərləri ürəyimizə su səpir. Şəhidlərimizin qanının yerdə qalmamağı bizim ürəyimizi ovudur".

Daha öncə Dmitri Solnsevlə vida mərasimi yaşadığı binanın önündə keçirilib. Vida mərasimində dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və sıravi insanlar iştirak edib.