Bütün rayon koronavirusa qarşı səfərbər olub

26 Oktyabr, 2020 15:37 | Siyasət | Baxış sayı: 97

Koronavirusla mübarizə tədbirləri çərçivəsində Quba şəhərində geniş miqyaslı dezinfeksiya işləri aparılıb.

IstiPress-in şimal bürosunun məlumatına görə, bazar günü olmasına baxmayaraq şəhərin Quba meydanına yığışan bir neçə avtomaşın  və xüsusi geyimli işçilər rayon mərkəzinin bütün ərazilərində dərman çiləməkə məşğul olublar.

Quba İH başçısı Ziyəddin Əliyev prosesə birbaşa nəzarət etmək üçün ərazidə olub. Jurnalistlər qarşısına keçən İH başçısı Ziyəddin Əliyev İstiPress-in suallarını cavablandırıb. Onun sözlərinə görə, mart ayından Qubada bu dəhşətli virusa qarşı ciddi mübarizə aparılır: "İH-də operativ qərargah yaradılıb. Qubada Covid-19 regional xəstəxanasının fəaliyyətə başlaması məsuliyyətimizi ikiqat artırdı və bu günəcən həmin xəstəxanada yüzlərlə yoluxmuş insan sağalaraq normal həyata qayıdıb". 

Quba İH başçısı bildirib ki, Operativ Qərargah 8 -ci aydır ciddi iş rejimində işləməkdədir. Rayonda 144 mobil dəstə  fəaliyyət göstərir. Dəstə üzvləri Quba şəhərində və bütün yaşayış məntəqələrində əhali arasında təbliğat-maarifləndirmə işlərini davam etdirirlər. Ziyəddin Əliyev məlumat verdi ki, son günlər ərzində rayonda əhali arasında yoluxma sayının artması narahatçılıq doğursa da ciddi profilaktik tədbirlər müntəzəm davam etdirilir.

Rayon rəhbəri yoluxma sayının artmasını əsasən rayona gələn turistlərin sayının artması və bəzi sakinlərin qoyulan qaydalara əməl etməməsi ulə izah edib. Bildirib ki, Quba şəhərində insanların çox toplaşdığı yerlərdə reydlərin sayı intensivləşib.

Quba İH başçısı Ziyəddin Əliyev rayon sakinlərinə bir daha müraciət edib. Qeyd edib ki, cəbhədə qızğın döyüşlərin getdiyi bir vaxtda koronavirus pandemiyasının yayılmaması üçün hər bir insan öz sağlamlığını ciddi qorumalıdır və imkan verməməlidir ki, yoluxma sayı artsın: "Biz cəbhədən qələbə xəbərlərini tez-tez eşidirik. Bu xəbərləri qanı-canı bahasına qazanıb bizə yetirən əsgərlərinizin sağlamlığı bizim üçün çox vacibdir və Nazirlər Kabinetinin Operativ Qərargahının qoyduğu tələblərinə hamılıqla əməl edilməldir. Biz koronavirus üzərində qələbə çalmalıyıq ki, cəbhənin qələbə xəbərləri daha da çoxalsın".

Qeyd edək ki, pandemiya səbəbindən Operativ Qərargah tərəfindən Quba şəhərinə və rayonun Zərdabi qəsəbəsinə və Rustov kəndinə gediş-gəliş dayandırılıb. Rayon İH başçısı Ziyəddin Əliyev görülən qabaqlayıcı tədbirlərin mütəmadi davam etdiləcəyini deyib.