İraq yenə qarışdı, 40 ölü

26 Oktyabr, 2019 10:10 | Siyasət | Baxış sayı: 45
İraqda nümayiş
İraqda nümayiş

İşsizlik, korrupsiyaya etiraz edən minlərlə adam küçələrə çıxıb

İraqın paytaxtı Bağdadda və digər əyalətlərində baş verən iğtişaşlar nəticəsində 40 nəfər ölüb. Hökumətə qarşı keçirilən aksiyalardakı toqquşmalar zamanı iki minə yaxın insan isə yaralanıb. 

Bir həftəlik fasilədən sonra cümə günü Bağdadda, ölkənin mərkəzində və cənubundakı bir sıra şiə əyalətlərində əhali yenidən küçələrə axışıb. Onlar yaşayış şəraitinin pisləşməsinə, işsizlik, korrupsiyaya etiraz edirlər. 

Divaniyə, Meysan, Zikar, Bəsrə və Babil rayonlarında yandırılan və ziyan verilən hökumətə məxsus binaların sayı 27-yə çatıb. 

Xatırladaq ki, ölkənin bir necə əyalətində hökumətə qarşı nümayişlər oktyabrın 1-dən başlayıb. Əhali işsizlik, yoxsulluq və korrupsiyaya etiraz etmək üçün küçələrə çıxıb. Dinc mitinq qısa müddətdə polis və hərbçilərlə toqquşmaların baş verdiyi iğtişaşa çevrilib. Nəticədə təhlükəsizlik qüvvələri rezin güllə və gözyaşardıcı qazdan istifadəyə başlayıblar.