NATO-dan Türkiyəyə S-400 təhdidi

26 Oktyabr, 2017 16:10 | Siyasət | Baxış sayı: 239
S-400
S-400

"Bunun nəticələri ola bilər"

NATO Rusiyadan S-400 zenit-raket kompleksi alan Türkiyəni yenidən hədələyib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, alyansın hərbi komitəsinin rəhbəri Petr Pavel Rusiya ilə razılaşmanın mümkün nəticələrinin ola biləcəyini deyib. 

Onun sözlərinə görə, bu alış-veriş Ankaranın alyansın raketdən müdafiə birləşmiş sisteminə daxil olmasını istisna edə bilər.

"Əlbətdə ki, hərbi texnikanın alışında suverenlik prinsipi əsasdır. Ancaq ölkələr qərar verdiklərində olduqları kimi, bu qərarın nəticələri ilə qarşılaşdıqda da suveren olmalıdırlar".

Xatırladaq ki, Türkiyənin Rusiyadan adıçəkilən kompleksi alması ilə bağlı NATO ilk dəfə deyil ki, narahatalığını dilə gətirir. ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison bildirib ki, Türkiyənin bu qərarı problemlidir. "Bu qərar NATO-da həyəcana səbəb olub. Çünki bu sistem alyansın istifadə etdiyi sistemə uyğun deyil. ABŞ Türkiyənin Rusiya ilə yaxınlaşmasını istəmir. Bu bizim marağımızda deyil. Bu heç Türkiyənin özünün də marağında deyil”.