Saxlanılan erməni diversiya qrupunun komandiri danışdı - VİDEO

26 Avqust, 2020 16:57 | Siyasət | Baxış sayı: 101
 Qurgen Alaverdyan
Qurgen Alaverdyan

Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat törətməyə cəhdi zamanı  erməni diversiya qrupunun əsir götürülən komandiri, baş leytenant Qurgen Alaverdyan açıqlama yayıb. 

İstiPress təxribatçı erməni komandirin video-açıqlamasını təqdim edir:

“2020-ci ilin iyul ayında hərbi hissənin komandiri polkovnik Vazgen Vartanyan mənimlə birgə bir neçə kəşfiyyatçını yanına çağırıb yuxarı komandanlığın göstərişi ilə yaxın vaxtlarda Azərbaycan Silahı Qüvvələrinin Goranboy rayonundakı təmas xəttindəki döyüş mövqelərində diversiya törədilməsi, yəni qumbara və avtomatlardan istifadə edərək Azərbaycan hərbçilərinin mümkün sayda çox məhv edilməsi, eləcə də bir hərbçinin əsir götürülməsi istiqamətində əməliyyat keçirilməsi üçün hazırlıq görməyimizi tapşırdı. Bundan sonra təxminən 20 gün xüsusi təlim keçdik, ərazini daha dəqiq öyrəndik və əlverişli hava şəraitinin olmasını gözlədik. Avqustun 23-ü saat 02:30 radələrində mənim rəhbərliyim altında diversiya qrupu dumanlı havadan istifadə edərək əvvəlcədən planlaşdırılmış marşrutla Azərbaycan Silahı Qüvvələrinin Goranboy rayonundakı mövqeləri istiqamətində hərəkət etdik. Biz Azərbaycan Silahı Qüvvələrinin Goranboy rayonundakı döyüş postunun ərazisinə daxil olmaq istəyərkən “həyəcan” siqnalı verildi və aşkar olunduğumuzu anlayaraq geri qayıtmaq məcburiyyətində qaldıq. Qrup üzvləri qaçmağa müvəffəq olsa da, mən hava dumanlı olmasına görə istiqaməti müəyyən edə bilmədim və əsir götürüldüm”.

Q.Alaveryan qeyd edib ki, o, Azərbaycanın işğal altında olan ərazilərində xidmətini davam etdirmək istəməyib:

“Lakin hərbi qulluqçu kimi məcburiyyət qarşısında bu ərazidə xidmətə cəlb edilmişəm. Törətdiyim əmələ görə peşmanlıq hissi keçirməklə yanaşı, mənim kimi Erməni Silahı Qüvvələrinin tərkibində xidmət edən bir çox hərbi qulluqçuların məcburi olaraq Azərbaycanın işğal altında olan ərazilərində xidmətə göndərildiyini bildirmək istəyirəm. Əsir götürüldükdən sonra təsəvvürlərimin tam əksinə olaraq, mənə qarşı heç bir qeyri-insanı davranış, işgəncə, təzyiq olunmayıb. Eyni zamanda, qidalanmağım və saxlanma şəraitimlə bağlı heç bir şikayətim yoxdur. Mən Azərbaycan Respublikasında qalmaq istəyirəm və bu dövlətə xidmət etmək niyyətindəyəm. Mən həmçinin başa düşdüm ki, erməni ordusunun Azərbaycan Silahlı Qüvvələrinə qalib gəlmək şansı yoxdur”.