Paşinyan ABŞ-a Qarabağı tam qaytarmağı söz verib?

26 May, 2019 14:05 | Siyasət | Baxış sayı: 2094
İrəvanda 1 mart 2008-ci il hadisələri zamanı tutulan Paşinyan Rusiyaya qarşı döyqüşürdü, indi əksinədir
İrəvanda 1 mart 2008-ci il hadisələri zamanı tutulan Paşinyan Rusiyaya qarşı döyqüşürdü, indi əksinədir

Rusiyanın ermənipərəst KİV-ləri Trampın təklif etdiyi yeni prinsiplərdən yazır

Vaşinqton Qarabağ münaqişəsinin həlli üzrə öz planını hazırlayıb və o, ATƏT-in Minsk qrupunun təklif etdiyindən fərqlənir.

İstiPress-in məlumatına görə, bu barədə Rusiyanın ermənipərəst portalı  “Regnum”da yazılmış məqalədə bildirilir.

Məqalə müəllifi, ermənipərəst şərhçi Stanislav Tarasovun yazdığına görə, bu plan da Madrid prinsiplərini təkrarlayır: “İşğal edilmiş ərazilərdən erməni qüvvələrinin çıxarılması, sülhməramlı qüvvələrin gətirilməsi (erməni əhalinin təhlükəsizliyinin təmini vacibdir), məcburi köçkünlərin geri qaytarılması və Dağlıq Qarabağ üçün ən yüksək muxtariyyətin verilməsi, həmçinin münaqişədən sonrakı iqtisadi bərpa, o cümlədən regional layihələr”.

Tarasov vurğulayıb ki, ABŞ tərəfi ümid edir ki, “Ermənistanın iqtisadi inkişaf vəd edən yeni seçilmiş lideri” belə sazişə imza ata bilər. Onun sözlərinə görə, bu variantın gerçəkləşdirilməsi üçün ABŞ prezidenti Donald Tramp və dövlət katibi Mayk Pompeo məsələyə daxil ola bilər.  

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli
Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli

“Regnum”un yazdığına görə ABŞ Dövlət Departamentinin keçmiş xüsusi müşaviri Pol Qobl isə Paşinyanın Qarabağı danışıqlar masasına qaytarılması barədə təklifini şərh edib. Onun fikrincə, danışıqlar iki mərtəbəli getməlidir: birinci publik mərtəbədir - yalnız Bakı və İrəvan arasında aparılmalıdır. İkinci isə qeyri-publik mərtəbədir - onun gedişində isə hər iki tərəf Xankəndi ilə məsləhətləşmələr aparır. Yəni Pol Qobl Bakıya Xankəndi ilə gələcək birgə yaşayış barədə şifahi məsləhətləşmələr aparmağı məsləhət görür. 

Yəni ABŞ-ın bu variantında Dağlıq Qarabağ üçün heç bir status nəzərdə tutulmur və onun, faktiki olaraq, Azərbaycanın daxilində qalması nəzərdə tutulur. Bu, xüsusilə ermənipərəst Rusiya siyasətçilərinin diqqətindən yayınmır.

Məsələn, “Regnum”un ermənipərəst baş redaktoru Modest Kolerov ümumiyyətlə ABŞ-ın təklif etdiyi bu prinsipləri ermənilərin Qarabağı Azərbaycandan qoparmaq arzuları üçün məhvedici adlandırıb. Onun sözlərinə görə, Qarabağ klanı böyük ehtimalla bu prinsiplərlə razılaşmadığını bildirib və rədd edib: “Amma Ermənistan XİN bunu etməyib və elan edilmiş məhvedici prinsiplər əsasında məsləhətləşmələri davam etdirir”,- deyə Kolerov vurğulayıb.

Yəni Kolerov da bildirir ki, Paşinyan ABŞ-a Qarabağı Azərbaycanın nəzarətinə qaytarmağı söz verib. Ola bilər ki, bu fikirlər, sadəcə, Rusiyanın ermənipərəst qüvvələrinin Ermənistanda hakimiyyəti geri qaytarmaq istəyən Qarabağ klanına dəstək çərçivəsində irəli sürülür. Yəni erməniləri “Paşinyan Qarabağı Azərbaycana qaytarır” şüarı ilə ayağa qaldırmaq istəyirlər. Bu,  Ermənistanı yaxın perspektivdə vətəndaş müharibəsinə sürükləyə bilər - Qarabağ klanı hərbi qiyama əl ata bilər və Paşinyan da alternativ addımlar ata bilər. Nə isə qaynar İrəvan gündəminə hazır olmalıyıq…