Əvvəli və sonu olmayan inqilab

26 May, 2018 10:50 | Siyasət | Baxış sayı: 213
Ermənistanda aksiya
Ermənistanda aksiya

Artıq Paşinyana qulaq asan tapılmır

Ermənistanda Nikol Paşinyana ölkənin əsas şəxsi olmağa imkan yaradan vətəndaş itaətsizliyi səngimir. Tənbəllik etməyən hər kəs etiraz edir - taksi sürücüəri, həbsxanada olan cinayətkarların qohumları, bəzi məmurların öz vəzifələrindən dərhal çıxarılmasını tələb edən kütlə, hətta pedaqoq, dekan, rektorlarından narazı olan tələbələr.

İrəvan meriyasında çalışmaq mümkün deyil. Çünki orada hər saatbaşı şəhər rəhbərinə qarşı aksiyalar keçirilir. Baş prokurorluq işçiləri də öz iş yerlərinə çata bilmirlər. Etirazçılar bütün giriş-çıxışları bağlayıb və baş prokurorun istefasını tələb edirlər.

“Facebook”un fəal istifadəçisi olan Paşinyan öz səhifəsində yazıb ki, vətəndaşların bu günki aksiyaları ya mitinq edənlərin özlərinə qarşı işləyir, ya da sabotajdır. Baş nazir vətəndaşların onun aksiyaları dayandırmaq çağırışlarına reaksiya verməməsindən çox təəccüblənib. Əslinə qalsa onun reaksiyası da gözlənilməzdir. Axı hələ bir müddət öncə məhz Paşinyan öz soydaşlarını vətəndaş itaətsizliyinə və sabotaja çağırırdı.

Bəzi erməni ekspertlər hesab edirlər ki, şəhər meri, prokurorluğa təzyiq hakimiyyətin özü tərəfindən hazırlana bilər. Orada hələ əvvəlki rejimin təyin etdiyi insanlar var. Amma iş ondadır ki, qarşıdurma demək olar ki, hər yerdədir.

Serj Sarkisyan devrildi, indi əsl demokrat ölkəni idarə edir - artıq vətəndaşların aksiyalarından narazı olan Paşinyan... İndi o öz soydaşlarına dünən mitinqlərin lazım olduğunu, bu gün isə onlara yol verməyin qeyri mümkünlüyünü necə izah etsin?

Yeni hakimiyyət hələlik nəqliyyatın hərəkətinin, idarələrin iş qrafikinin pozulmasına baxmayaraq nümayişçilərə qarşı hər hansı gücdən istifadə etmir.

Ola bilsin ki, Paşinyan və tərəfdarları düşünürlər ki, vəziyyət özü-özlüyündən düzələcək. Xatırladaq ki, Sarkisyan da belə düşünürdü.

Hakimiyyət özünü itirib, inqilab isə öz törəmələrini məhv edir...