Paşinyanın Rusiya qarşısında sərt Qarabağ tələbi

26 Aprel, 2018 18:37 | Siyasət | Baxış sayı: 3245
Ermənistan ordusunun tankları işğal edilmiş Azərbaycan torpaqlarında
Ermənistan ordusunun tankları işğal edilmiş Azərbaycan torpaqlarında

Ermənistandan böyük qaçış başladı

Rus və ingilis dillərində nəşr olunan erməni saytları bəzi məlumatları gizlətsə də, ermənicə çap olunan qəzetlər artıq Paşinyan inqilabının nəticələri barədə yazmağa başlayıblar.

İstiPress-in məlumatına görə, İrəvanda dərc olunan “Qraparak” qəzeti varlı adamların öz vəsaitlərini Ermənistandan qaçırmağa başladığını yazıb: “Bizə gəlib çatan məlumatlara görə, Ermənistandan kapital axını başladı. Müxtəlif iş adamları, investisiya proqramları olan şəxslər öz investisiya layihələrinin  maliyyələşdirilməsini dondurublar və ya onları sürətlə restrukturizasiya edirlər ki, əmlaklarını, biznesi satsınlar və öz kapitallarını ölkədən çıxarısınlar. Onlar qorxurlar ki, qeyri-sabit durum uzun çəkə bilər və yeni hakimiyyət  ekspropriasiya siyasətinə başlayar, onları əmlakdan məhrum edə bilər”.

Qəzetin yazdığına görə, Ermənistana sərmayə yatırmaq istəyənlər də fikirlərindən daşınırlar. Məsələn, Rusiyada yaşayan erməni iş adamı Kamo Avaqumyan Ermənistana 100 milyon dollar xərcləmək istəyirmiş, amma inqilab başlayan kimi o, öz nümayəndələrinə zəng edib ki, danışıqları dayandırsınlar.

Biznes sahiblərini ən çox qorxudan şey indiyə kimi jurnalistikadan başqa işlə məşğul olmamış Nikol Paşinyanın baş nazir olacağından ehtiyat edirlər. "Jamanak" qəzetinin yazdığına görə, artıq hakim Respublika Partiyasında (RP) bununla bağlı ikitirəlik yaranıb və ciddi fikir ayrılıqları var. "RP fraksiyasının deputatlarından bir qismi Nikol Paşinyanın namizədliyinə səs verməyə meyllənirlər. Çünki düşünürlər ki, Karen Karapetyanın baş nazirliyi dövründə  Ermənistan bütünlüklə müstəqilliyini itirəcək və Rusiyanın vilayətinə çevriləcək", - deyə qəzet yazır.             

Nikol Paşinyan "RBK"nın suallarına cavab verir
Nikol Paşinyan "RBK"nın suallarına cavab verir

Hazırda “Çıxış”, “Çiçəklənən Ermənistan” və “Daşnakustyun” fraksiyalarının hesabına Nikol Paşinyan 47 səsə malikdir, baş nazir seçilmək üçün ona 53 deputatın səs verməsi vacibdir ki, o, hakim partiyadan 6 deputat oğurlamaqla bunu gerçəkləşdirə bilər.

Əslində, Nikol Paşinyanın hakimiyyətə gəlməsinə Rusiya da ciddi maneçilik törətməz, “RBK”ya müsahibə verən Paşinyan nə Avrasiya İttifaqını, nə də KTMT-in tərk etmək niyyətlərində olmadığını bildirib. Sadəcə, o, Avrasiya İttifaqında Ermənistan üçün daha əlverişli şərtlər istəyir. KTMT ilə də münasibətlərdə də Rusiyadan daha böyük dəstək tələb edir. Tələbi budur ki, Rusiya ilə Ermənistan bir-birlərinə eyni səviyyədə dəstək versinlər. Yəni iddia edir ki,Ermənistan Krımın Rusiya tərəfindən ilhaqını legitim sayırsa, Rusiya da Qarabağla bağlı eyni addımı atıb onun Ermənistan tərəfindən ilhaqını qəbul eləsin. Belə başa düşülür ki, o, Rusiyadan Qarabağda müharibə zamanı Ermənistan tərəfdən açıq müharibəyə girməyi tələb edir.

Təbii ki, Rusiya Azərbaycanı və bütün türk-islam aləmini qarşısına almaz və Qarabağda Ermənistana gizli dəstəyi ilə kifayətlənər ki, bu cür təzyiq vasitəsi ilə Azərbaycanı da öz neo-imperiya qurumlarına daxil eləsin. Amma Avrasiya İttifaqı ilə bağlı Rusiya Paşinyan qarşısında məyyən güzəştlərə gedə bilər. Amma istənilən halda iqtisadiyyatdan başı çıxmayan Paşinyanın hətta legitim yolla hakimiyyətə gəlmək şansı Ermənistanın biznes dairələrində qorxu yaradır və onlar pullarını ölkədən çıxarmağa başlayırlar.