Daş altında qalan əməliyyat: Böyük Qarabağ xəyanəti - FOTO, VİDEO

26 Yanvar, 2017 15:18 | Siyasət | Baxış sayı: 355

Bu gün Şuşanın müdafiəsi məqsədilə həyata keçirilən Daşaltı əməliyyatından 25 il keçir

Bu gün Şuşanın müdafiəsi məqsədilə həyata keçirilən Daşaltı əməliyyatından 25 il keçir. Daşaltı əməliyyatında şəhid olan döyüşçüləri yad etmək məqsədilə Şuşa rayon ictimaiyyəti Şəhidlər Xiyabanını ziyarət edib. Şəhidlər Xiyabanında Daşaltı əməliyyatı döyüşçülərinin xatirəsinə ucaldılmış abidənin qarşısına gül dəstələri qoyan veteranlar şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov çıxış edib. O, bildirib ki, Daşaltı əməliyyatından 25 il keçməsinə baxmayaraq, orada şəhid olanların xatirəsi həmişə anılır. Onun sözlərinə görə, həmin dövrdə vahid komandanlığın olmaması səbəbindən əməliyyat zamanı Azərbaycan tərəfinin itkiləri çox olub: "Bu əməliyyatda 96 nəfər şəhid oldu. Amma indi Azərbaycan öz qüdrətini ermənilər üzərində hiss etdirə bilir. Aprel döyüşləri bunu bir daha sübut etdi".

Daşaltı əməliyyatında şəhid olan döyüşçüləri yad etmək məqsədilə Şuşa rayon ictimaiyyəti Şəhidlər Xiyabanını ziyarət edib.
Daşaltı əməliyyatında şəhid olan döyüşçüləri yad etmək məqsədilə Şuşa rayon ictimaiyyəti Şəhidlər Xiyabanını ziyarət edib.

Şuşa Rayonu İcra Hakimiyyətinin başçısı uğursuz Daşaltı əməliyyatının səbəbindən İstiPress-ə danışıb: "Uğursuz Daşaltı əməliyyatının anım günüdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Gün o gün olsun, Şuşanı azad edək və orada Daşaltı əməliyyatına abidə ucaldılsın. Gələcək nəsil də onlar haqqında məlumatlı olsun. O zamankı orduda rəhbərsizlik, müxtəlif partiyaların bir-birlərinə uyğun olmayan fikirləri nəticəsində belə bir uğursuz əməliyyat alınıb. Bugünkü nizami orduda belə səhvlər mümkün deyil. O vaxt gənclər torpaqlarını qorumaq üçün cəbhəyə gedirdilər. Amma o zaman orduya rəhbərlik edənlərin düzgün istiqamətləndirməməsi nəticəsində belə faciə baş verib. Həmçinin, eyni vaxtda rus ordusunun erməniləri müdafiə etməsi, onların sovet ordusunun silahlarından istifadə etməsi üstünlükləri idi. Ancaq orda iştirak edən döyüşçülər qəhrəmancasına həlak olmuşdu".

Şuşa Rayonu İcra Hakimiyyətinin başçısı - Bayram Səfərov
Şuşa Rayonu İcra Hakimiyyətinin başçısı - Bayram Səfərov

Daşaltı əməliyatında şəhid olmuş Həsənquliyev Cavid Şirindil oğlunun bacısı Nazlı xanım qardaşının itkin düşdüyünü və onu yad etmək üçün Bakıda bir abidə qurulmadığını deyib: “Daşaltı əməliyyatına əksəriyyəti könüllü gedib. Onların artıq anaları, ataları yoxdur. Şəxsən bizim ailədə təkcə qalan mənəm. Onların adını əbədiləşdirmək üçün, yaşatmaq üçün bir lövhə olsaydı, yaxşı olardı. Biz də gələndə o lövhənin qarşısında durub itkin düşənlərimizi yad edərdik. Daşaltı əməliyyatında şəhid olan döyüşçülərin ailəsinin arzusu ancaq budur”. 

"Çox heyf ki, mən orada ölməmişəm"

Daşaltı əməliyyatında iştirak etmiş döyüşçü Mübariz Səadətovun sözlərinə görə, o zaman əməliyyata təcrübəsiz, təlim keçməmiş uşaqları aparıblar. "O vaxt kor-təbii olaraq bizimkilər əsgərləri qırdırdılar. Prezident İlham Əliyevin bir göstərişi olsa, biz o şəhidlərimizin qanını alarıq".

"Yaquar" ləqəbli kəşfiyyatçı Əlihüseyn (əklilin sağ tərəfində)
"Yaquar" ləqəbli kəşfiyyatçı Əlihüseyn (əklilin sağ tərəfində)

“Yaquar” ləqəbli Daşaltı əməliyyatında iştirak etmiş kəşfiyyatçı Əlihüseyn qeyd edib ki, əgər rəhmətlik Heydər Əliyev 1 il tez hakimiyyətə gəlsəydi, bu əməliyyat uğursuz olmazdı: “Əgər Heydər Əliyev hakimiyyətə 1 il tez gəlsəydi, orduda vahid komandanlıq olardı. Ordu təlim keçməli idi. Ən azından uşaqları mülki geyimdə, əlində də avtomat göndərməzdilər ki, “soruşsalar, haradan gəldiyinizi deməyin”. Bu halda isə əlimizi qandallayıb terrorçu kimi aparmayacaqdılar.

"Əgər rəhmətlik Heydər Əliyev 1 il tez hakimiyyətə gəlsəydi, bu əməliyyat uğursuz olmazdı"

99 % ora ölməyə getmişdi. Çox heyf ki, mən orada ölməmişəm”. Kəşfiyyatçı qeyd edib ki, sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyevi uğursuz əməliyyatdan 1 gün sonra Şuşaya gedərək, qarşılayıb: “Mən ona aeroportda sual verdim ki, bu nə haqq-hesabdır? Əsgərlərin arxasınca 4 vertolyot qalxmalı idi, silahsız -sursatsız qalmışıq. Onun mənə cavabı isə belə idi: “Mənə qarşı təxribat olub. Ayağımın altını qazırlar. Mən gücssüzəm və hər şeyi aydınlaşdıracağam”.

Qeyd edək ki, Daşaltı əməliyyatı 1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib.