Aİ-dən Qarabağ xəbərdarlığı

25 Noyabr, 2017 11:28 | Siyasət | Baxış sayı: 459
Dağlıq Qarabağ
Dağlıq Qarabağ

Bizneslə məşğul olanlar cinayət məsuliyyətinə cəlb oluna bilər

Avropa İttifaqından işğal altında olan ərazilərdə kommersiya fəaliyyəti ilə bağlı xəbərdarlıq edilibn.  Avropa İttifaqı (Aİ) şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində kommersiya fəaliyyətinin yaradacağı məsuliyyət ilə bağlı xəbərdarlıq Avropa Komissiyasının Ticarət üzrə Baş direktorluğunun rəsmi internet səhifəsində bazara giriş haqqında məlumat bazasında yerləşdirilib. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev  bildirib ki, xəbərdarlıqda qeyd olunur ki, Azərbaycan qanunvericiliyinə əsasən Dağlıq Qarabağ və ətraf ərazilərdə birbaşa və ya filialları vasitəsilə kommersiya fəaliyyəti göstərən Avropa İttifaqı şirkətləri mülki və cinayət məsuliyyətinə cəlb olunma riski daşıyır. Bu cür fəaliyyət Azərbaycanda həmin fəaliyyəti aparan fərdlərə və müvafiq biznes barəsində cinayət təqibi və ya digər hüquqi tədbirlərin görülməsi ilə nəticələnə, gələcəkdə Azərbaycana səfər imkanına təsir edə bilər. 

Xəbərdarlıq mətnində Azərbaycan qanunvericiliyinə istinad edilməsi işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar üzərində Azərbaycanın yurisdiksiyasının tanınması anlamına gəlir: “Onu da nəzərinizə çatdırırıq ki, Ermənistan-Azərbaycan münaqişəsi kontekstində Aİ tərəfindən ölkəmizlə bağlı siyasi qərarlar qəbul edilərkən Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsinin - EUSR ofisinin rəyi əsas götürülür. EUSR öz fəaliyyətində Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinə (Aİ üzv ölkələrinin səfirləri) hesabat verir və ondan tövsiyələr alır. Bu isə o deməkdir ki, harada dərc olunmasından asılı olmayaraq, yuxarıdakı xəbərdarlığa bütün Aİ üzv ölkələri birmənalı şəkildə riayət etməlidir. Əcnəbi hüquqi və fiziki şəxslərin işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi-ticarət fəaliyyətindən çəkindirilməsinin vacibliyi ilə bağlı ölkəmizin üzv olduğu Avropa təsisatlarında aparılan müzakirələr zamanı yuxarıdakı xəbərdarlıqdan istifadə edilməsi prinsipial mövqeyimizin irəlilədilməsi istiqamətində yardımçı rol oynaya bilər”.