XİN vizanın ləğvi barədə açıqlama yaydı

25 İyul, 2019 14:08 | Siyasət | Baxış sayı: 56
Türkiyə pasportu
Türkiyə pasportu

Türkiyənin ümumvətəndaş pasportuna malik vətəndaşları viza tələbi ləğv edilir

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğv ilə bağlı məlumat yayıb.  Məlumatda bildirilib ki, xalqlarımız arasında ortaq etnik-mədəni, tarixi köklərə, qardaşlıq və dostluq, həmrəyliyə söykənən Azərbaycan və Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamına uyğun olaraq ən yüksək səviyyədədir. 

“Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə ikitərəfli münasibətlərimiz uğurla inkişaf etməkdədir. Hərtərəfli inkişaf edən Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı ölkələrimiz arasında viza sahəsində əməkdaşlığın dəyərləndirilməsini və xalqlarımızın sərbəst gediş-gəlişinin təmin edilməsi zərurətini şərtləndirir. Bu baxımdan, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyənin ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 1 sentyabr 2019-u il tarixindən etibarən viza tələbi ləğv edilir.

Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlanıb. Əlavə edək ki, Azərbaycan ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə vətəndaşlarının statusu Azərbaycanın müvafiq qanunları ilə tənzimlənir. Türkiyə Hökumətinin qərarına əsasən, bu ölkəyə 30 günədək səfər edən Azərbaycan vətəndaşları viza tələbindən azad edilib. Viza tələbinin ləğvi qərarı Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin yüksələn xətlə inkişafına növbəti əsaslı töhfə olacaq”, - məlumatda bildirilib.