Şirməmməd Hüseynov dəfn olundu

25 İyun, 2019 13:45 | Siyasət | Baxış sayı: 337
Şirməmməd Hüseynov
Şirməmməd Hüseynov

95 yaşlı jurnalist evində dünyasını dəyişib

Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov dəfn olunub.

Mərhumun cənazəsi İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

10:12

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüsenovla vida mərasimi keçiriləcək.

İstiPress-in məlumatına görə, Ş.Hüseynovun nəvəsi Toğrul Əliyev bildirib ki, mərasim saat 11:00-da başlayacaq və iki saat davam edəcək.

“Şirməmməd Hüseynovun dəfn olunacağı yer barədə hələlik məlumat yoxdur, bununla bağlı dəqiqləşdirilmə aparılır. Dəfn yeri dəqiqləşən kimi ictimaiyyətə məlumat veriləcək”, - deyə T.Əliyev əlavə edib.

95 yaşlı jurnalist evində dünyasını dəyişib.

Ş.Hüseynov 1924-cü ildə Şəkidə anadan olub. 1941-1943-cü illərdə bu şəhərdəki 2 illik müəllimlər institutunun fizika-riyaziyyat fakültəsində, 1945-1950-ci illərdə o vaxtkı Azərbaycan Dövlət Universitetində filologiya-jurnalistika şöbəsində, 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb. 1954-cü ildə MDU, jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib.

O, 1954-1961-ci illərdə BDU-nun filologiya fakültəsinin jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb, 1962-1969-cu illərdə həmin fakültənin dekan müavini olub, 1961-1971-ci illərdə BDU-nun jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti, 1971-1976-cı illərdə BDU-nun Jurnalistika fakültasinin dekanı, 1971-1988-ci illərdə BDU-nun mətbuat tarixi kafedrasının dosenti, 1976-1988-ci illərdə həmin kafedrasının müdiri vəzifəsində işləyib, 1988–ci ildən kafedranın professorudur.

Şirməmməd Hüseynovun Azərbaycan Xalq Cumhuriyyətinin, Məmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidməti var.

Allah rəhmət eləsin!