Paşinyan Qarabağda Putinin dəstəyinə ümid edir - DÖYÜŞ ANONSU

25 Aprel, 2019 16:56 | Siyasət | Baxış sayı: 1262
Su-35 döyüş zamanı - Rusiya Azərbaycana bu qırıcıları satmağı planlaşdırır
Su-35 döyüş zamanı - Rusiya Azərbaycana bu qırıcıları satmağı planlaşdırır

Ermənistan tezliklə Azərbaycanı müharibə ilə üz-üzə qoyacaq

Rusiya KİV-ləri artıq daha həvəslə "erməni inqilabı"nın liderinə yer ayırırlar və bu, Rusiyanın Nikol Paşinyanı getdikcə daha artıq himayə etdiyi görüntüsünü yaradır. 

İstPress-in məlumatına görə, bu görüntü erməni baş nazirin Rusiyanın "Nezavisimaya qazeta" portalına verdiyi müsahibədə daha aydın görünür.

Rusiyanın aparıcı KİV-lərindən biri olan  "Nezavisimaya qazeta" Ermənistan baş naziri ilə müsahibəyə milliyyətcə erməni olan jurnalist Yuri Simonyanı göndərir və nəticə Paşinyanın işinə yarayan suallar verilir və verdiyi cavablardan heç bir sual çıxarılmır.

Məsələn, jurnalist Ermənistanın hansı güzəştlərə hazır olduğunu soruşur, Paşinyan isə güzəştə hazırlaşmağın zəiflik əlaməti olduğunu, Ermənistanın sülhə hazır olduğunu iddia edir. Yəni müsahibə götürən tərəfsiz jurnalist olsa idi, Ermənistan işğal etdiyi torpaqlardan çıxmadan  hansı sülhdən söhbət gedə biləcəyini soruşardı, amma soruşmur. Nəticədə, Paşinyan hətta Serj Sarkisyanın belə məntiqsiz saydığı bir cavabı verir - yəni Ermənistan heç bir ərazi qaytarmadan sülh danışıqlarına getmək, Azərbaycana vurduğu zərərin əvəzini ödəmədən sülh müqaviləsi bağlamaq istəyir.

Paşinyan Qarabağ münaqişəsi ilə bağlı hətta Serj Sarkisyanın risk etmədiyi bir addımı atmaq istəyir. Erməni mətbuatının yazdığına görə, Nikol Paşinyan Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində yaşayan ermənilər arasında Qarabağın gələcək taleyi barədə referendum keçirmək istəyir.

Erməni politoloq Vigen Akopyan "1in.am" portalına  müsahibəsində bunun çox təhlükəli addım olduğunu vurğulayıb və keçmiş hakimiyyətin belə buna risk etmədiyini vurğulayır. O, dörd ay qabaq seçki yolu ilə seçilmiş bir baş nazirin məsuliyyəti xalqın üstünə atmasını təhlükəli sayır: "Təssüf ki, bizim xalq heç də həmişə düzgün və məsuliyyətli seçimə qərar vermir".

Politoloqun qorxusu əbəs deyil - referendumun nə ilə nəticələnəcəyindən asılı olmayaraq,  bu, artıq Madrid prinsiplərindən  çıxmaq deməkdir. Yəni Ermənistan bununla bağlı referendum keçirərsə, Azərbaycana qeyri-şərtsiz müharibə hüququ vermiş olacaq.

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli
Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli

Son bəyanatlarından belə görünür ki, Paşinyan Rusiya amilini nəzərə alaraq Azərbaycanın müharibəyə qərar verməyəcyini düşünür. Hər halda, Rusiyanın Ermənistana kreditlə 4 ədəd Su-30 təyyarəsi verməsi Paşinyanda Putinlə bağlı inam yaradıb və düşünür ki, Moskva əvvəlki kimi Ermənistanı müdafiə edib, Azərbaycana təzyiq etməklə müharibəni dayandıracaq.

Amma Paşinyan bir nüansı unudur - Ermənistan Rusiyüadan maksimum dəstək görsə də, əvvəlki rəhbərlərin zamanında heç zaman açıq-aydın işğal amilinə siyasi dəstək vermirdi. Yəni əvvəlki liderlər hətta Dağlıq Qarabağın tanınması və ya işğal edilmiş ərazilərin ilhaqı məsələsinin parlmentdə müzakirəyə çıxarılmasının qarşısın alırdı. Çünki bu, Azərbaycanı heç nəyə baxmadan müharibəyə girməyə məcbur edəcək və bu, çox böyük regional münaqişəyə çevriləcək.

Həm də Ermənistana Su-30 təyyarələri satan Rusiya Azərbaycana Su-35 təyyarələri satmaq niyyətindədir. Ermənistana əsaslı təmirdən çıxarılmış təyyarələrin birini kreditlə 30 milyon dollara satdığı halda, Azərbaycana təklif edilən təyyarənin birinin qiyməti nağd 100 milyon dollardır. Qərbin sanksiyaları ilə üzləşmiş Rusiyanın belə əlverişli sövdələşməni risk altına qoyub Ermənistan tərəfindən müharibəyə girməsi də inandırıcı gəlmir.