Prezident təşəkkür etdi: "Biz birgə səylərlə bu xəstəliyə qalib gələcəyik"

25 Mart, 2020 09:24 | Siyasət | Baxış sayı: 57
Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Bütün vətəndaşların və şirkətlərin adları, onların ianələrinin məbləği göstərilir

"Mənə verilən məlumata görə, fondda artıq 60 milyon manat vəsait yığılıbdır. Bu, xalqımızın nə qədər böyük və yüksək keyfiyyətlərə malik olduğunu bir daha göstərir". Bunu prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin açılışında deyib. 

Onun sözlərinə görə, Azərbaycan bu sahədə də birincilik göstərdi. "Mənə bu gün səhər verilən məlumata görə, bəzi başqa ölkələrdə də buna oxşar fondlar yaradılır. Biz buna ancaq sevinə bilərik. Çünki bu, birinci dəfə deyil ki, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər sonra başqa ölkələr tərəfindən də əsas götürülərək eyni addımların atılmasına gətirib çıxarır.

Fondun yaradılmasının əsas məqsədi milli həmrəyliyi daha da gücləndirməkdir. Şadam ki, qısa müddət ərzində bu fonda verilən ianələr artıq böyük rəqəmlərə gəlib çatıbdır. Fond yarandıqda Prezidentin ehtiyat fondundan 20 milyon manat ayrılıb. Fond bir neçə gündür ki, artıq o ianələri qəbul etməyə başlayıb". 

Dövlət başçıqı qeyd edib ki, onun göstərişi ilə “koronavirusinfo.az” saytında bütün vətəndaşların və şirkətlərin adları, onların ianələrinin məbləği göstərilir, özü də əlifba sırası ilə. "Biz hamımız bərabərik və vəsaitdən asılı olmayaraq, bütün insanların, bütün şirkətlərin adları əlifba sırası ilə dərc edilir.

Fürsətdən istifadə edərək bu günə qədər Fonda ianə vermiş bütün insanlara, bütün şirkətlərə dərin minnətdarlığımı bildirirəm. Bu, bir daha bizim birliyimizi, gücümüzü göstərir və onu göstərir ki, biz birgə səylərlə bu xəstəliyə qalib gələcəyik".