Nikol Paşinyanın Azərbaycan blefi
Ermənistan Müdafiə Nazirliyinin silah alınması üzrə keçirdiyi tenderdən Rusiya şirkətini çıxarması iki ölkə arasında gərginlik yaradıb.
İstiPress-in məlumatına görə, İrəvan "Promtexnoloqii" qrupuna daxil olan ORSIS şirkətin həm də "ləyaqətsiz təchizatçı"lar siyahısına salıb ki, bu da Rusiyanın Ermənistana nota verməsinə səbəb olub.
Rusiyanın ekspert dairələrini heyrətləndirən əsas məsələ Ermənistanın Azərbaycana silah satışına mane olmağa çalışdığı bir zamanda İrəvana silahları çox ucuz qiymətə (Rusiya daxili qiymətlərlə) satan bir şirkətə qarşı göstərilən təhqiramiz münasibətdir. "News.am"ın yazdığına görə, elə dünən, oktyabrın 23-də parlamentdə çıxış edən Nikol Paşinyan KTMT səviyyəsində Azərbaycana silah satışı məsələsini həll etdiyini iddia edib. Yəni Ermənistan baş nazirinin iddiasına görə, KTMT-nin iki əsas silah istehsalçısı - Rusiya və Belarus indən belə Azərbaycana silah satmayacaq.
Amma Rusiya ekspertləri tam tərsini deyir. Onların fikrincə, Ermənistanın qərbpərəst rəhbərliyi bu cür addımlarla İrəvanı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışırlar. Rusiyalı ekspert Vladislav Şurıqin "Vestnik Kavkaza" portalına verdiyi müsahibəsində bundan yalnız Ermənistanın itirəcəyini bildirib.
"Ermənistanla hərbi-texniki əməkdaşlığın pozulması halında Rusiya asanlıqla erməni silah bazarında itirdiklərini Azərbaycan bazarı ilə kompensasiya edəcək…",- deyə Vladislav Şurıqin vurğulayıb.
Yəni Nikol Paşinyanın Azərbaycana silah satışı məsələsini MDB səviyyəsində həll etməsi barədə dedikləri daxili bazara ünvanlanmış blefdən başqa bir şey deyil.