Dağıstanda azərbaycanlı generala heykəl qoyuldu

24 Oktyabr, 2019 16:24 | Siyasət | Baxış sayı: 428
Dərbənd şəhəri
Dərbənd şəhəri

Açılış 1 aydan sonra olacaq

Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində məşhur azərbaycanlı general Hüseyn Rəsulbəyovun büstü qoyulub.

İstiPress-in şimal bürosuna bu barədə Dərbənddən qayıdan Xaçmaz İH başçısının müavini Bəxtiyar Osmanov  məlumat verib.

Onun sözlərinə görə, o və Xaçmaz İH başçısı Şəmsəddin Xanbabayev oktyabrın 23-də qonşu respublikada olublar: "Şəmsəddin Xanbabayev Dərbənd şəhərinin meri Xizri Abakarovla görüşdü. General Hüseyn Rəsulbəyovun büstünün Dərbənddə qoyulmasının Azərbaycan tərəfinin təşəbbüsü olduğu merin diqqətinə çatdırılıb. O da bildirilib ki, büstün hazırlanması, quraşdırılması, ərazinin abadlaşdırılması xərclərini də Azərbaycan hökuməti ödəyəcək".

Xaçmaz İH rəsmisi Bəxtiyar Osmanov məlumat verib ki, artıq Hüseyn Rəsulbəyovun büstü Dərbənd şəhərində 1985-ci ildən onun  adını daşıyan küçənin başlangıcında - həmin küçə ilə 345-ci Dağıstan Atıcı Diviziyası küçəsinin kəsişməsində quraşdırılaraq yerinə qoyulub. Büstün ətrafında müəyyən təmir və abadlıq işləri görüləcəyindən büstün üstü hələlik örtülüb. Amma İstiPress büstün qoyulandan sonra çəkilmiş ilk fotolarını əldə edə bilib. Təxminən 1 aydan - ərazi tam abadlaşandan sonra Hüseyn Rəsulbəyovun büstünün Dərbənddə Azərbaycan və Rusiya rəsmilərinin iştirakı ilə rəsmi açılışı olacaq.

Hüseyn Cümşüd oğlu Rəsulbəyov 1917-ci ildə Dərbənddə doğulub. Böyük Vətən Müharibəsində artilleriya üzrə güclü mütəxəssis olub. Artilleriya general-leytenantı olan Rəsulbəyov Heydər Əliyevin rəhbərliyi ilə 1975-1982-ci illərdə Azərbaycanın rabitə naziri olub. Sovet dövründə ölkədə rabitə sahəsində görülən bir sıra mühüm işlər məhz Hüseyn Rəsulbəyovun adı ilə bağlıdır. Ölkədə Şirvan, Mingəçevir, Astara rayon və şəhərləri ilə yanaşı, Qusar və Xaçmaz rayonlarının şəhərlərarası telefon stansiyası Hüseyn Rəsulbəyovun nazir işlədiyi dövrdə quraşdırılaraq tikilib. Hazırda Qusar və Xaçmaz şəhərlərində Hüseyn Rəsulbəyovun adını daşıyan küçələr var.

Hüseyn Rəsulbəyovun büstünün müəllifi heykəltəraş, Azərbaycanın xalq rəssamı Akif Əsgərovdur. Akif Əsgərov İstiPress-ə büstü deyilən vaxta hazır etdiyini, büstü əvvəlcə gildən, sonra isə üstünə bürünc tökərək işlədiyini bildirib.Onun sözlərinə görə, Azərbaycanın hərb tarixində mühüm xidmətləri olan artilleriya general-leytenantı Hüseyn Rəsulbəyovun büstünü hazırlamağından çox məmnundur.

Hüseyn Rəsulbəyovun Dərbənddə qoyulan tunc büstü 3 metrə yaxın - 2 metr 80 sm hündürlüyündədir. Abidənin postamenti mərmər qranitdəndir. Hazırda azərbaycanlı generalın büstünün ətrafında təmir-abadlıq işlərinə start verilub. Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev İstiPress-ə bildirib ki, bununla  da Rusiyanın Dağıstan Respublikasında 2-ci azərbaycanlı  hərbi  siyasi xadimin abidəsi qoyuldu. Bundan əvvəl isə Dağıstanın mərkəzi Mahaçqala şəhərində Azərbaycanın görkəmli dövlət xadimi, Böyük Vətən Müharibəsinin qanlı-qadalı illərində Dağıstana rəhbərlik etmiş Əziz Əliyevin 6 metr hündürlüyündə heykəli qoyulub. Rusiya ərazisində azərbaycanlı tanınmışların xatirəsinin əbədiləşdirilməsi Rusiya-Azərbaycan xalqları arasında tarixi dostluq əlaqələrinin möhkəmləndirilməsinə bariz nümunədir.