Ermənistanla Azərbaycan arasında operativ rabitə artıq işləyir

24 Oktyabr, 2018 15:01 | Siyasət | Baxış sayı: 235
İlham Əliyev və Nikol Paşinyan
İlham Əliyev və Nikol Paşinyan

"Biz faktiki olaraq gündəlik rejimdə situasiyanı müzakirə edirik”

Ermənistan ilə Azərbaycan arasında operativ rabitə gündəlik rejimdə artıq fəaliyyət göstərir.

İstiPress-in "1in.am"a istinadən məlumatına görə, bu barədə jurnalistlərə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan bildirib.  

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan parlamentdə çıxışı zamanı Ermənistanın baş naziri ilə Azərbaycan prezidenti arasında operativ rabitənin gündəlik rejimdə fəaliyyət göstərdiyini deyib. 

“Operativ rabitə barədə Düşənbə görüşündə əldə edilmiş razılaşma yerinə yetirilir. Əminliklə deyə bilərəm ki, belə rabitə qurulub. Və biz faktiki olaraq gündəlik rejimdə situasiyanı müzakirə edirik”-Nikol Paşinyan bildirib.

Paşinyan əlavə edib ki, söhbət ancaq Ermənistan-Azərbaycan dövlət sərhədində insidentlərin qarşısının alınmasından gedir. Və operativ rabitə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin müzakirəsi üçün istifadə olunmur. “Mən ictimaiyyətin, Milli Məclisin bu operativ rabitə barədə məlumatlandırılmasını mühüm hesab edirəm”,- o qeyd edib.

Azərbaycan prezidenti ilə operativ rabitənin qurulduğu haqda Nikol Paşinyan oktyabrın 18-də elan edib. “Deyə bilərəm ki, istənilən informasiya yarım saat ərzində Azərbaycan prezidentinə çatdırılır. Əgər onların tərəfindən nəsə informasiya varsa həmin müddət ərzində mənə gəlib çatır”-Paşinyan deyib.

Ermənistan baş naziri bildirib ki, operativ rabitə hər dəfə atəşkəs pozularkən deyil, “zərurət yaranarsa” istifadə olunur.