İran hərbçiləri Bakıda

24 Oktyabr, 2017 17:16 | Siyasət | Baxış sayı: 178
Azərbaycan-İran Birgə İşçi Qrupunun ilk görüşü
Azərbaycan-İran Birgə İşçi Qrupunun ilk görüşü

Azərbaycan-İran Birgə İşçi Qrupunun ilk görüşü keçirilir

Bakıda hərbi əməkdaşlıq üzrə Azərbaycan-İran Birgə İşçi Qrupunun ilk görüşü keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İstiPress-ə verilən məlumata görə, nazir, general-polkovnik Zakir Həsənov İran Müdafiə və Silahlı Qüvvələrə Dəstək nazirinin müavini, ikitərəfli hərbi əlaqələr və hərbi-texniki əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun İran tərəfindən rəhbəri, general-mayor Höccətullah Qoreyşinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Z.Həsənov Bakıda iki ölkənin müdafiə nazirlikləri arasında hərbi əlaqələr və hərbi-texniki əməkdaşlıq üzrə Birgə İşçi Qrupunu işə başlaması münasibətilə təbrik edib, bunun müdafiə və təhlükəsizlik sahəsində münasibətlərin daha da inkişaf etdirilməsində mühüm rol oynayacağını vurğulayıb. Bildirilib ki, hazırda Bakıda keçirilən işçi görüşünün təməli 2015-ci ildə İranın Müdafiə nazirinin Azərbaycana səfəri çərçivəsində baş tutmuş görüşlərdə iki ölkənin Silahlı Qüvvələri arasında birgə işçi qrupunun yaradılması məsələsinin müzakirəsi zamanı qoyulub.

Müdafiə naziri Dağlıq Qarabağ və ətraf rayonların uzun illərdir Ermənistanın işğalı altında olduğunu, bunun nəticəsində bir milyondan çox insanın didərgin düşdüyünü və qarşı tərəfin cəbhədə vəziyyəti gərginləşdirmək cəhdlərini qonağın diqqətinə çatdırıb.

Azərbaycan ilə İran arasında hərbi sahədə əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq hissi ifadə edən general-mayor H.Qoreyşi bu münasibətlərin inkişafında hərbi mütəxəssislərin qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edib. Cənubi Qafqazda hərbi-siyasi vəziyyət, o cümlədən Dağlıq Qarabağ probleminə toxunan qonaq, münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayaraq İranın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin iki ölkənin hərbi sahədə əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri, Xəzər dənizi hövzəsində təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər problemlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan Müdafiə Nazirliyi ilə İran İslam Respublikası Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi arasında hərbi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk görüşü başlayıb. Birgə İşçi Qrupunun ilk görüşündə tərəflər hərbi, hərbi-texniki, hərbi tibb və səhiyyə, mədəni və idman tədbirləri, o cümlədən hərbi-mülki əməkdaşlıq və digər istiqamətləri əhatə edən sahələri müzakirə edəcəklər.

Görüş oktyabrın 25-dək davam edəcək.