Ermənistanın yeni böyük qorxusu

24 Oktyabr, 2017 15:57 | Siyasət | Baxış sayı: 1186
MiQ-29 rus təyyarəsi İrəvan üzərində
MiQ-29 rus təyyarəsi İrəvan üzərində

Ermənistan Gürcüstan kimi parçalana bilər

Ermənistan noyabrın 24-də Avropa Birliyi (AB) ilə tərəfdaşlıq sazişi imzalayacağını bəyan etsə də, bu addımı atmaqdan qorxur.

İstiPress-in məlumatına görə, bu rəyə Ermənistan parlamentinin deputatı Hayk Babaxanyanın «Sputnik Armeniya» saytının multimediya mərkəzində Moldova ilə telekörpü zamanı dediklərindən belə anlamaq olur.

Ermənistan üçün Rusiyanın ən prioritet tərəfdaş olduğunu deyən Hayk Babaxanyan AB tərəfdaşlığın qorxulu tərəflərindən danışıb. "Molodovanın, Gürcüstanın və Ukraynanın AB ilə saziş bağladıqdan sonra başına gələnlər bizi ehtiyatlı davranmağa vadar edir", - deyə Babaxanyan vurğulayıb.

Təbii ki, Babaxanyan məsələnin Ermənistan rəhbərliyinin Rusiyadan qorxması ilə bağlı olduğunu deməyə çətinlik çəkib. O həm də bildirib ki, Avropa Birliyi sazişin bağlanması üçün Ermənistanın qarşısına yerinə yetirilməsi qeyri-mümkün olan tələblər qoyub: Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanmasını və "Ermənistan konyakı" sözünün "Ermənistan brendisi" ilə əvəz olunmasını tələb edib.

Təbii ki, bu bəhanədir və Avropa Birliyi ilə danışıqlar aparıb məsələni həll edə bilərdilər. Əsas problem Ermənistanın Rusiyanın müstəmləkəsi olmasındadır. Əgər Serj Sarkisyan və komandası bu addımı atarsa, Rusiya onu sərt cəzalandıra bilər və nəticədə Qarabağ klanı yerini Rusiyaya daha sadiq olan başqa komandaya verə bilər.