Putin Əliyevlə görüşü nə təkliflə gəlir? VİDEO

24 Sentyabr, 2018 12:31 | Siyasət | Baxış sayı: 436
Vladimir Putin
Vladimir Putin

Ermənistanla anlaşılmazlıq fonunda Rusiya Azərbaycanla yaxınlaşır

Sabah Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana səfərə gələcək. Bu cavab səfəri Bakıda Rusiya-Azərbaycan Regionlararası forumun keçirildiyi günlərə təsadüf edəcək. 

Rusiyalı jurnalist Andrey Şapoşnikov “Moskva-Baku.ru” portalı üçün hazırladığı süjetdə bildirir ki, hazırda Rusiya ilə Azərbaycanın münasibətləri ən yüksək nöqtəsinə çatıb. O, qeyd edib ki, Azərbaycan Rusiyanın regionda iqtisadi, siyasi və hərbi məsələlər üzrə əsas müttəfiqinə çevrilib.

Aparıcının sözlərinə görə, Putinlə birlikdə Azərbaycana Rusiya biznesi də gəlir. 

O, həmçinin qeyd edib ki, son illər ərzində Azərbaycan Rusiya silahlarına üstünlük verməklə ölkənin vacib hərbi tərəfdaşına çevrilib. Bu günlərdə Bakıda keçirilən və paytaxt şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradda bütün dünya Rusiya hərbi texnikasını izləmək imkanı əldə etdi. ADEX-2018 sərgisində isə Rusiyada istehsal edilən ən müasir silahlar nümayiş etdiriləcək.

"Əliyevlə Putinin danışıqlarında əsas mövzulardan biri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi olacaq. Bu yaxınlarda Putin Ermənistanın yeni baş naziri Nikol Paşinyanla görüşüb. Yəqin ki, həmin görüşdə də bu mövzu müzakirə edilib. Ermənistanın baş nazirinin hərəkətlərini proqnozlaşdırmaq çətindir. Sözdə o, Rusiya ilə müttəfiq olduğunu desə də, bir gözü Qərbdədir. Ermənistanla bu anlaşılmazlıq fonunda Rusiya Azərbaycanla yaxınlaşır.

Bir çox ekspertlərin fikrincə, Putin həmin görüşdə Əliyevə əhəmiyyətli təklif edib. Söhbət Azərbaycanın KTMT və Şanxay Əməkdaşlıq Təşkilatı kimi strukturlara mümkün üzvlüyündən gedə bilər".

Bundan başqa jurnalist qeyd edib ki, Putin tez-tez İ.Əliyevlə görüşür, hər həftə Bakıya önəmli siyasi xadimlər səfər edirlər. 

"Biznes əlaqələri də rekord səviyyədə yaxınlaşıb. Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistanla belə müsbət tendesiya müşahidə olunmur. Düzdür, Putin Ermənistana da səfər etməyi planlaşdırır. Amma hələlik bu rəsmi səfərin vaxtı bilinmir. Bircə o bəllidir ki, o İrəvanda ancaq Paşinyanla yox, həm də keçmiş prezidentlər Serj Sarkisyan və Robert Koçaryanla da görüşəcək".