Tramp İlham Əliyevi təbrik etdi

24 May, 2019 18:36 | Siyasət | Baxış sayı: 111
Donald Tramp
Donald Tramp

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və dayanıqlı həlli istiqamətində ATƏT-in Minsk qrupu prosesində Sizin şəxsi iştirakınızı təqdir edirik"

ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

İstiPress-in məlumatına görə, məktubda aşağıdakı sözlər yer alıb: 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

28 May - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını Amerika xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. 1918-ci ildə həmin gün Azərbaycanın müstəqilliyi elan olunub və Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Yüz ildən artıq bir vaxt keçdikdən sonra Amerika Birləşmiş Ştatları bütün azərbaycanlılarla birlikdə bu nailiyyətləri qeyd etməkdən məmnundur.

Dövlətlərimiz arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur. Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Sizin liderliyinizi dəyərləndirirəm. Azərbaycanda islahatlar istiqamətində, xüsusilə də qanunun aliliyi sahəsində Azərbaycan xalqının mənafeyinə xidmət edəcək və əməkdaşlığımızın dərinləşməsi üçün imkanlar yaradacaq bütün addımları alqışlayırıq. Həmçinin, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və dayanıqlı həlli istiqamətində ATƏT-in Minsk qrupu prosesində Sizin şəxsi iştirakınızı təqdir edirik.

Tərəfdaşlığımızın gələcək illərdə də inkişaf etməsini səmimiyyətlə arzulayıram.

Xahiş edirəm bu əlamətdar ildönümü münasibətilə bir daha təbriklərimi və ən xoş arzularımı qəbul edəsiniz.

Hörmətlə,

 

Donald Tramp

Amerika Birləşmiş Ştatlarının Prezidenti