Paşinyanın planlaşdırdığı böyük hücum

24 May, 2018 14:21 | Siyasət | Baxış sayı: 1110
Nikol Paşinyan - Ermənistan baş naziri
Nikol Paşinyan - Ermənistan baş naziri

Rusiyanın cavab addımının daha təhlükəli olacağı gözlənilir

Ermənistanda inqilabi həyəcan zəifləsə də, insanlar yeni hakimiyyətdən gözlədiklərini vəd olunan sürətlə ala bilmirlər və bu, yeni narazılıq ocaqları yaradır.

İstiPress-in məlumatına görə, erməni KİV-ləri yazır ki, bu şəraitin heç də Paşinyanı çəkindirmir və erməni məxmərinin lideri rəqiblərinə qarşı yeni hücumlar planlaşdırır.

"Qraparak" qəzetinin yazdığına görə, Nikol Paşinyanın vəzifə verdiyi bəzi şəxslər nəinki Serj Sarkisyanın rəhbəri olduğu Respublika Partiyasını, hətta Ermənistanın İran və Rusiya kimi ənənəvi dostlarını da narazı salır. Məsələn, Armen Qriqoryan Təhlükəsizlik Şurasına katib təyin edilib.

"Məsələ bundadır ki, "Serji rəddə et" təşəbbüsünün koordinatoru, publisist Armen Qriqoryan “Transparency International” təşkilatının eksperti olub, yəni Soros Fondu ilə sıx əlaqələri olan, qərb yönümlü adamdır. Rusiyalıları özündən çıxaran məsələ  "antirus" adamın təyin olunmasıdır, orduda xidmət etməmiş bu adam ordu və Rusiyanın Gümrüdəki hərbi bazası barədə məlumatlara malik olacaq", - deyə nəşr yazır.

Lakin mətbuatdan görünür ki, Paşinyanın Rusiyadan qorxaraq geri çəkilmək fikri yoxdur və elə həmin "Qraparak" qəzeti yazır ki, artıq yeni hakimiyyət ikinci eşalon məmurlarını - nazir müavinlərini dəyişdirir. Məsələn, təhsil nazirinin müavinləri də işdən çıxarılıb. 

Taron Marqaryan jurnalistlərə müsahibə verir
Taron Marqaryan jurnalistlərə müsahibə verir

Qəzetin yazdığına görə, Paşinyanın partiyasının üzvlərinin təşkil etdiyi parlament fraksiyası İrəvan meri Taron Marqaryanın və baş prokuror Artur Davtyanın istefasına nail olmaqda israrlıdırlar.

Bütün bunlar hələ də vacib nöqtələri əlində saxlayan Respublika Partiyası və Ermənistanın metropoliyası Rusiya tərəfindən cavabsız buraxılmayacaq.  Buna görə də Respublika Partiyasına birbaşa aid olmayan bir çox yüksək çinli məmurlar, o cümlədən prezident Aram Sarkisyan yeni baş nazir Paşinyandan uzaq durmağa çalışır. İrəvanda dərc olunan "İrates" qəzeti yazır ki, Armen Sarkisyan hər şeyi edir ki, onun adını Paşinyan hökuməti ilə bağlamasınlar, çünki o, Paşiyan hökumətinin böyük uğursuzluğa düçar olacağını  proqnozlaşdırır.